Naxçıvan Dövlət Kukla Teatrı yaradıcı heyəti Türkiyənin Ərzurum şəhərinə qastrol səfəri edəcək.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyindən bildirilib ki, səfər çərçivəsində kollektiv iki gün ərzində həm uşaqlar, həm də böyüklər üçün tamaşa təqdim edəcək. Qastrol səfəri Azərbaycan teatr sənətinin beynəlxalq müstəvidə tanıdılması, milli-mədəni dəyərlərimizin təbliği və ölkələrarası mədəni əlaqələrin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Naxçıvan Dövlət Kukla Teatrının direktoru Səyyad Məmmədov bildirilib ki, bu qəbildən səfərlər teatr sahəsində  əməkdaşlığın genişləndirilməsi və yeni tamaşaçı auditoriyasının formalaşdırılması üçün mühüm imkanlar yaradır.

Qastrol proqramında nümayiş olunacaq tamaşalar müasir səhnə tərtibatı, peşəkar aktyor oyunu və zəngin kukla estetikası ilə seçiləcək. Teatr kollektivi bu səfərlə Azərbaycan mədəniyyətini və kukla sənətini Türkiyə tamaşaçılarına yüksək səviyyədə təqdim etməyi qarşısına məqsəd qoyub.