AMEA Folklor İnstitutunun direktoru filologiya elmləri doktoru Hikmət Quliyev Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti professor Aktotı Raimkulova ilə görüşüb.
İnstitutdan verilən məlumata görə, fondun Bakıdakı qərargahında keçirilən görüşdə mövcud əməkdaşlığın vəziyyəti, birgə layihələrin nəticələri və perspektivləri müzakirə olunub. 2025-ci ildə birgə həyata keçirilmiş elmi və nəşr layihələrinin əhəmiyyəti vurğulanıb. Xüsusilə çoxcildli, çoxdilli “Türk folklor irsi” antologiyasının birinci cildi – “Azərbaycan qəhrəmanlıq eposu”nun elmi prinsiplər əsasında hazırlanaraq nəşr olunmasının əhəmiyyəti qeyd edilib. Antologiyanın ikinci cildi olacaq “Azərbaycan məhəbbət dastanları”nın hazırlanması ilə bağlı görülən işlər müzakirə edilib.
Eləcə də ötən il keçirlən “Aşıq Ələsgərdən Üzeyir Hacıbəyliyə: Türk dünyasının mədəni kodları” mövzusunda beynəlxalq elmi simpoziumun türk xalqlarının ortaq mədəni yaddaşının araşdırılmasına töhfə olduğu vurğulanıb.
Görüş zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncamından irəli gələn vəzifələr də nəzərdən keçirilib, türkoloji tədqiqatlarda beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyi qeyd olunub.
Folklor İnstitutunun direktoru vurğulayıb ki, müxtəlif türk xalqlarının folklorşünaslıq ənənələri, əsasən, sovet dövründə formalaşmış filoloji estetikaya əsaslandığından bu sahənin elmi-nəzəri yanaşmalarında dünya folklorşünaslıq məktəbləri ilə müəyyən fərqlər meydana çıxıb. Bu baxımdan müasir elmi-nəzəri yanaşmaların tətbiqi, metodoloji modellərin yenilənməsi və terminoloji uyğunluğun təmin edilməsi Türk dünyasının zəngin folklor irsinin daha geniş, inteqrativ və müqayisəli şəkildə öyrənilməsinə şərait yaradacaq.
Professor Aktotı Raimkulova türk xalqlarını birləşdirən əsas amillərdən birinin məhz zəngin folklor irsi olduğunu qeyd edərək, bu istiqamətdə birgə elmi təşəbbüslərin və layihələrin həyata keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını bildirib. Fondun Folklor İnstitutu ilə əməkdaşlığın daha da genişləndirilməsində və yeni birgə layihələrin həyata keçirilməsində maraqlı olduğunu vurğulanıb.
Söhbət zamanı “Türkoloji folklorşünaslıq: nəzəri konteksti, praktik yönləri və inkişaf perspektivləri” mövzusunda beynəlxalq simpoziumun Türk Mədəniyyəti və İrsi Fondu ilə birgə təşkili məsələləri də müzakirə edilib.





















