Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) təşkilatçılığı ilə rejissor Arzu Urşanın “Arzunun ardınca” sənədli filmi nümayiş olunub.
AKİ-dən bildirilib ki, film Yer kürəsinin ən hündür zirvəsi Everesti fəth edən ilk azərbaycanlı alpinist qadın Elmira Aslanova haqqındadır.
Rejissor qəhrəmanın hekayəsini həssaslıqla, sadə, təsirli ekran dili ilə anladır. Ekranda uşaqlıqdan alpinizmə sevgisi olan gənc qadının səmimi, əzmkar obrazı görünür. Müəllif filmdə səyahət zamanı, ekstremal situasiyalarda çəkilmiş kadrlardan da istifadə edib.
Tədbirdə Arzu Urşan filmin yaranmasından, festivallarda qazandığı uğurlardan danışıb.
Filmin qəhrəmanı Elmira Aslanova Everesti fəth etməsində ailəsinin, xüsusən qardaşlarının dəstəyini vurğulayıb və bu səyahət zamanı keçirdiyi hisslər haqda söz açıb.
Çıxışlardan sonra film nümayiş olunub.
Kinoşünas Ülvi Mehdinin moderatorluğu ilə keçirilən müzakirədə rejissor və qəhrəman tamaşaçıların suallarını cavablandırıblar.





















