Tarixdəki olaylar
14 fevral 1918 – Cənubi Qafqazdan Ümumrusiya Müəssislər Məclisinə seçilmiş azərbaycanlı, gürcü və erməni deputatlar Tiflisdə toplaşaraq Cənubi Qafqaz (Zaqafqaziya) Seymini yaratmaq qərarına gəliblər. Ümumrusiya Müəssislər Məclisinə seçkilər 1917-ci ilin noyabrında, bolşevik çevrilişindən (7 noyabr) sonra keçirilmişdi. Seçkidə uduzan (o cümlədən Cənubi Qafqazda) bolşeviklər Müəssislər Məclisinin fəaliyyətə başlamasına imkan vermədilər. Cənubi Qafqazdan seçilən deputatların yaratdıqları Seym isə 22 aprel 1918-ci ildə Tiflisdə fəaliyyətə başladı və bir aya yaxın ömrü oldu.
14 fevral 1956 – Azərbaycan Televiziyası (Bakı Televiziya Studiyası) fəaliyyətə başlayıb. Studiya əvvəlcə həftədə 3 dəfə, 1957-ci ildən isə 5 dəfə 2 saatlıq proqramla efirə çıxırdı. 1962-ci ildə gündəlik efirə çıxan proqramların həcmi 7 saatadək artırıldı. 70-ci illərdə gündəlik verilişlərin yayım həcmi 10, 80-ci illərdə 18 saata çatdırıldı. 2005-ci ildən televiziya 24 saatlıq fasiləsiz yayıma keçib.
14 fevral 1992 – Azərbaycan Ordusunda Hərbi Hava Qüvvələrinin ilk bölməsi formalaşıb. 14 fevral – Azərbaycan Hərbi Hava Qüvvələri günü kimi qeyd olunur.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
14 fevral 1914 – İtalyan kinorejissoru, ssenarist Pyetro Cermi (Pietro Germi; 1914 – 5.12.1974) anadan olub. “İtalyansayağı boşanma” filminə görə “Oskar” mükafatı (1963) alıb.
14 fevral 1918 – Memarlıq doktoru, Dövlət mükafatı laureatı Davud Ağa oğlu Axundov (1918 – 19.11.2003) anadan olub. Qafqaz Albaniyası dövründə Azərbaycan memarlığının tarixinə dair əsərlərin müəllifidir.
14 fevral 1925 – Xalq artisti, dirijor, Dövlət mükafatı laureatı Nazim Əsədulla oğlu Rzayev (1925 – 2.5.2006) anadan olub. Azərbaycan Dövlət Kamera Orkestrinin bədii rəhbəri olub, Türkiyədə çalışıb.
14 fevral 1939 – Əməkdar artist, tanınmış xanəndə Süleyman Cümşüd oğlu Abdullayev (1939 – 23.10.2022) Füzuli rayonunun Qoçəhmədli kəndində anadan olub.
14 fevral 1940 – Azərbaycan Televiziyasının ilk diktorlarından Tamara Cəfər qızı Gözəlova-Ağamirova (1940 – 8.5.2020) Bakıda anadan olub. “O olmasın, bu olsun” filmində (1956) Gülnaz roluna çəkilib. Milli Kitabxanada çalışıb.
14 fevral 1944 – İngilis rejissoru və ssenaristi Alan Parker (Alan William Parker; 1944 –31.7.2020) anadan olub. “Gecəyarısı ekspessi”, “Mələk ürəyi” filmlərini çəkib, Kann kinofestivalının qalibi olub.
14 fevral 1945 – Yazıçı-publisist, şair İntiqam Alı oğlu Mehdizadə (1945 – 8.6.2022) İsmayıllı şəhərində doğulub. Azərbaycan Radiosunda “Bulaq”, “Dan yeri” və s. verilişlərin redaktoru olub.
14 fevral 1980 – Görkəmli aktyor, rejissor, Xalq artisti Rza Təhmasib (20.4.1894 – 1980) vəfat edib. “Bakıda küləklər əsir”, “Qanun naminə” və s. filmlərdə çəkilib, “Onu bağışlamaq olarmı?” filminin rejissorudur. Azərbaycan Teatr Cəmiyyətinin sədri olub.
Hazırladı: Vüqar Orxan























