Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı növbəti dəfə Uilyam Şekspirin yaradıcılığına müraciət edib.
Fevralın 7-də teatrda ingilis şair-dramaturqun "Makbet" ("Macbeth") faciəsi əsasında hazırlanmış "Ledi Makbet" tamaşasının premyerası keçirilib.
... Sərkərdə Makbet növbəti döyüşdə qalib gəldikdən sonra qarşılaşdığı cadugərlər ona gələcəkdə kral olacaqların deyirlər. Bunun təsiri altında və həyat yoldaşının təkidi ilə o, Kral Dunkanı öldürmək və hakimiyyəti ələ keçirmək qərarına gəlir. Lakin taxt-tac ona rahatlıq vermir: onu itirmək qorxusu və hakimiyyəti saxlamaq istəyi Makbeti növbəti cinayətlərə sövq edir. O, mümkün rəqiblərini aradan qaldırır, peşmançılıqdan əzab çəkən Ledi Makbet isə tədricən dəli olur. Finalda Şotlandiya zadəganları tirana qarşı üsyan edirlər. Makbet döyüşdə həlak olur və qanuni varis Malkolm ədaləti bərpa edir.
Şekspirin məşhur əsərinə Rus Dram Teatrında səhnə yozumunu rejissor Ceyhun Dadaşov verib. Yozum klassik əsərə fərqli baxışdır.
Tamaşa hakimiyyət uğrunda mübarizədən ziyadə, fiziki güc və psixoloji zəifliyin toqquşduğu daxili şəxsi münaqişəni diqqətə çatdırır. Döyüş meydanındakı cəsur sərkərdə Makbet sarayda Ledi Makbetin amansız təzyiqi altında tədricən iradəsini itirir. Tamaşa fəlsəfi sual doğurur: cadugərlərin “peyğəmbərliyi” taleyin hökmü idi, yoxsa ona inam faciəli hadisələr zəncirinə səbəb oldu?
Makbet obrazını Yaroslav Trifonov məharətlə canladırıb. Bu, aktyorun 21 illik karyerasında ilk böyük (baş) roldur.
Rejissorun Ledi Makbeti altı fərqli qadın rolunda təqdim etməsi də orijinal yanaşmadır. Ledi Makbetin aktrisalar arasında bölüşdürülmüş replikaları, xoreoqrafik performansları və səhnədəki sinxronluğu baş qəhrəmana psixoloji təzyiqi artırır. Eyni ifaçılar (Əməkdar artist Natəvan Hacıyeva və aktrisalar Olqa Arsentyeva, Dilyara Nəzərova, Tamilla Abutalıbova, Gövhər Şahbanova, Səbinə Asim) cadugərlər rolunda da çıxış edərək tamaşaya mistik "qaranlıq qüvvələr" aurası qatırlar.
Tamaşada həmçinin Rüstəm Kərimov, İlkin Mehdiyev, Yaqub Zeynalov, Fərid Bəhramov, Rəşad Əliyarov, Fərid Hüseynov, Mirzəağa Axundzadə və Əməkdar artist Salman Bayramov iştirak edirlər.
Səhnə plastikası və döyüş səhnələrinin quruluşu da rejissor Ceyhun Dadaşova aiddir.
Musiqi tərtibatını bəstəkar, Qarabağ Universitetinin professoru Türkər Qasımzadə verib.
Səhnə tərtibatçısı Əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorov, geyim dizayneri Əməkdar mədəniyyət işçisi Olqa Abbasovadır.
Beləliklə, ötən mövsüm sənətsevərlərə təqdim edilən “Hamlet”dən sonra Şekspirin daha bir əsəri Rus Dram Teatrının repertuarına daxil olub.
























