Xəbər verdiyimiz kimi, 10-12 fevral tarixlərində Özbəkistanın paytaxtı Daşkənddə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) İslam Dünyası İrs Komitəsinin 13-cü sessiyası keçirilib.
Sessiya çərçivəsində fevralın 11-də Azərbaycanın daha bir tarixi-mədəni irs məkanı – "Ordubad" Tarix-Memarlıq Qoruğunun ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilməsi barədə qərar qəbul olunub.
Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, 1977-ci ildən tarix-memarlıq qoruğu elan edilmiş qədim Ordubad şəhəri 2001-ci ildə UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edilib.
Ordubad şəhərinin ərazisində yerləşən abidələrin daha yaxşı qorunması, təbliği və idarə olunmasının təkmilləşdirilməsi məqsədilə Prezident İlham Əliyev tərəfindən 2024-cü il fevralın 21-də “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğu yaradılıb.
Qədim tarixə malik Ordubadın adına ilk dəfə V əsrin yazılı mənbələrində rast gəlinir. XVII əsrin əvvəllərində Ordubadda Cümə məscidi, mədrəsə, buzxana, qeysəriyyə, hamam və karvansaralar tikilmiş, Anbaras, Kürdatal, Üçtürləngi, Mingis və Sərşəhər məhəllələri, Ərasət meydanı ansamblı, üç meydan ətrafında örtülü bazar kompleksi salınıb. Ordubadın əsas su təchizatı olan kəhriz sistemi də bu dövrdə yaradılıb. Şəhərin küçə şəbəkəsi Cümə məscidinin yerləşdiyi mərkəzi meydandan şüa şəklində şaxələnərək müxtəlif məhəllələrin əsasını təşkil edir. XVII–XVIII əsrlərdə inşa edilmiş Anbaras, Sərşəhər, Dilbər və Təkeşiyi məscidləri də tarixi və mədəni əhəmiyyətini saxlayır.
Ordubadın ICESCO-nun İlkin Siyahısına daxil edilməsi 2026-cı ildə ölkəmizdə elan edilmiş "Şəhərsalma və Memarlıq İli"nə də mühüm töhfədir.
Növbəti mərhələdə Mədəniyyət Nazirliyi tərəfindən nominasiyanın ICESCO-nun əsas siyahısına daxil edilməsi istiqamətində işlər aparılacaq.
Xatırladaq ki, fevralın 10-da İslam Dünyası İrs Komitəsinin sessiyasında Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən hazırlanan nominasiya faylları əsasında Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksi və Şuşa Şəhər Dövlət Qoruğu İslam Dünyası İrs Siyahısına daxil edilib.






















