10-12 fevral tarixlərində Özbəkistanın paytaxtı Daşkənddə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) İslam Dünyası İrs Komitəsinin 13-cü sessiyası keçirilir.

Sessiyanın ilk günü İCESCO-nun İslam Dünyasının İrs Siyahısına və İslam Dünyası İrsinin İlkin Siyahısına təqdim olunan nominasiyalar müzakirə edilib.

Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən hazırlanan Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksi və “Şuşa Şəhər Dövlət Qoruğu” nominasiya fayllarının İslam Dünyası İrs Siyahısına daxil edilməsi barədə qərar qəbul olunub.

Bununla da ilk dəfə olaraq Ağdam abidələri beynəlxalq mədəni irs siyahılarına daxil edilib. XVIII əsrə aid bu tarix-memarlıq “İmarət” kompleksində Qarabağ xanlığının əsasını qoyan Pənahəli xanın imarəti, onun və ondan sonra Qarabağ xanı olmuş oğlu İbrahimxəlil xanın və nəvəsi Mehdiqulu xanın qəbirüstü türbələri, həmçinin Mehdiqulu xanın qızı Xurşidbanu Natəvanın, Qarabağ xanlarının nəslindən olan digər tanınmış şəxslərin məzarları yerləşir.

Azərbaycan Respublikası Prezidentinin 20 fevral 2025-ci il tarixli Sərəncamı ilə Ağdam şəhərində “İmarət” Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması Qarabağ bölgəsində mədəni irsin dirçəldilməsinə və tarixi-mədəni dəyərlərin bərpasına dövlət səviyyəsində verilən xüsusi diqqətin bariz nümunəsidir.

Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da "İmarət" kompleksinin bərpadan sonra açılışında iştirak edib. Ərazisi 3,3 hektar olan kompleks mərasimlərin keçirilməsi üçün nəzərdə tutulan tikililər, türbələr, tarixi qəbiristanlıq, Qarabağ atlarının təqdimatı üçün atçılıq kompleksi və ziyarətçi mərkəzindən ibarətdir.

Azərbaycanın mədəniyyət beşiyi olan Şuşanın ICESCO-nun Siyahısına daxil edilməsi bu qoruq-şəhərin dirçəlməkdə olan tarixi-mədəni irsinə verilən dəyərin əyani təcəssümüdür.