Mərakeşin cəlbedici təbiəti, qədim mədəni irsi, xüsusilə möhtəşəm memarlığı, eyni zamanda müvafiq şəraitin yaradılması dünyanın aparıcı kino istehsalçılarını çəkilişlər aparmaq üçün bu ölkəyə üz tutmağa sövq edir.
2025-ci ildə xarici filmlərin istehsalından rekord məbləğ – 150 milyon ABŞ dolları gəlir götürən Mərakeş qlobal çəkiliş məkanı kimi mövqeyini möhkəmləndirib.
Bu barədə Mərakeş Krallığının Bakıdakı Səfirliyinin məlumatında bildirilir.
Qeyd olunur ki, ölkənin bu nailiyyəti İtaliyanın kino sahəsi üzrə ixtisaslaşan “Cinecittà News” jurnalında vurğulanıb. Nəşr ölkənin sürətli yüksəlişinə, beynəlxalq cəlbediciliyinin artmasına və milli kinonun güclənməsinə diqqət çəkib.
Mərakeşin Gənclər, Mədəniyyət və Kommunikasiya Nazirliyi tərəfindən təqdim olunan rəqəmlərə əsasən, ölkədə xarici filmlər istehsalından əldə edilən vəsait 2021-ci ildə 50 milyon dollardan az idi və bu gəlirlər son dörd il ərzində üç dəfə artıb.
“Cinecittà News” qeyd edir ki, Mərakeş səhra qumları, tarixi medinalar, Atlantik sahili və Atlas dağları daxil olmaqla müxtəlif landşaftları sayəsində Hollivud blokbasterlərindən tutmuş bədii birgə istehsallara qədər geniş spektrli beynəlxalq layihələr üçün üstünlük verilən məkandır.
Son dövrdə reallaşan yüksək profilli layihələrə Aït Benhaddou, Essaouira, Marrakeş və Daxlada çəkilmiş Christopher Nolanın “The Odyssey”, 2025-ci il Kann Film Festivalında təqdim olunan Óliver Laxenin “Sirāt” və Venesiya Film Festivalında premyerası keçirilmiş Maryam Touzaninin “Calle Málaga” filmləri daxildir.
Prime Video və Sky Atlantic kimi striminq platformaları da böyük istehsallar üçün Mərakeşi seçib.
Əlavə edək ki, müasir dünya kinosunun məşhur nümunələrindən R.Scottun “Qladiator” (2000), A.İnarritunun “Babil” (2006) filmləri, eləcə də “Taxt-tac oyunları” seraialı Mərakeşdə çəkilib.
Bununla yanaşı, milli səviyyədə də kino inkişaf edir. 2025-ci ildə kinoteatrlara tamaşaçı sayı 2,2 milyon nəfərə çatıb. Bu dinamika yeni kinoteatrların açılması və Marrakeş Beynəlxalq Film Festivalının artan beynəlxalq nüfuzu ilə dəstəklənib.
Vüqar Orxan






















