Milli Azərbaycan Tarixi Muzeyində görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin (31.1.1884 – 6.3.1955) anadan olmasının 142-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.
Tədbir AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru Solmaz Rüstəmova-Tohidi tərəfindən təşkil edilib.
Əvvəlcə Varşava Universitetində Azərbaycan Araşdırmaları Mərkəzinin rəhbəri Şəhla Kazımovanın “Mühacirətdə – fikir və missiya: seçim, yoxsa zərurət?” mövzusunda məruzəsi dinlənilib. Məruzədə 1922-ci ildə aparılan siyasi müzakirələr, həmin illərin siyasi vəziyyəti öz əksini tapıb.
Şəhla Kazımova M.Ə.Rəsulzadənin mövcud şəraitlə barışmaq əvəzinə, ondan şüurlu şəkildə imtina etdiyini vurğulayıb, Rəsulzadənin Moskvadan gedişinin təhlükədən qaçış, siyasi sığınacaq axtarışı deyil, həyatının qayəsi olan ideyasını qorumaq üçün şəxsi seçimi olduğunu bildirib: “Ona elmi və ictimai sahələrdə vəzifələr təklif olunsa da, Rəsulzadə sistemin daxilində xüsusi rol oynayacağına dair məlumatlandırılsa da, mövcud şəraitlə barışmır, ondan şüurlu imtina edir”.
Sonra kinorejissor Vahid Mustafayevin təqdimatında M.Ə.Rəsulzadənin yaşadığı binaya virtual xatirə lövhəsi – barelyefin vurulması layihəsi və “rasulzademuzeyi.org” virtual muzeyi nümayiş olunub.
Tədbirin moderatoru Solmaz Rüstəmova-Tohidi Rəsulzadənin ideoloji mübarizəsindən söz açıb, beynəlxalq Rəsulzadə qiraətlərinin çap edildiyini diqqətə çatdırıb. Alim Rəsulzadənin mübarizəsini antikommunizm və antisovetizm istiqamətində apardığını, ömrünü ideyaları, amalları üçün doğma yurddan kənarda keçirən mühacirlərimiz sırasında öz dəyanəti ilə fərqləndiyini deyib.
Rəsulzadənin nəvəsi Əməkdar rəssam Rais Rəsulzadə, professor Qulu Məhərrəmli, dosent Firdovsiyyə Əhmədova və digər çıxış edənlər Rəsulzadənin tarixi xidmətləri barədə fikirlərini bölüşüblər.
Tədbirdə AMEA Rəyasət Heyəti aparatının Elmi irs şöbəsinin müdiri tarix elmləri doktoru Zemfira Hacıyeva və şöbənin əməkdaşları da iştirak ediblər.
Sonda araşdırmaçı yazar Dilqəm Əhmədin şəxsi kolleksiyasında M.Ə.Rəsulzadəyə aid eksponatlardan ibarət sərgiyə baxış keçirilib.























