Tarixdəki olaylar
7 fevral 1855 – Rusiya ilə Yaponiya arasında ərazi mübahisələrini tənzimləyən ilk müqavilə imzalanıb. Kuril adaları iki ölkə arasında bölüşdürülüb. 1904-1905-ci illərdə Yaponiya ilə müharibədə məğlubiyyətdən sonra Rusiya hər iki ərazini itirdi. II Dünya müharibəsində Yaponiyanın məğlub olmasından sonra Kuril adaları yenidən Rusiyanın (o vaxt SSRİ-nin) tərkibinə keçdi.
7 fevral 1991 – Azərbaycan Respublikasının Ali Soveti Şaumyan (kənd) rayonunun ləğv edilməsi və bəzi rayonların tarixi adları ilə bağlı qərarlar qəbul edib. Ləğv edilən Şaumyan (kənd) rayonunun ərazisi Goranboy rayonuna birləşdirilib. Mirbəşir rayonu Tərtər, Qutqaşen rayonu Qəbələ, Vartaşen rayonu Oğuz, Puşkin rayonu Biləsuvar adlandırılıb.
7 fevral 2005 – Prezident İlham Əliyev Azərbaycan milli valyutasının – manatın denominasiyası haqqında fərman imzalayıb. Fərmanla 2006-cı il yanvarın 1-dən dövriyyəyə yeni əsginaslar (1 yeni manat (AZN) – 5000 köhnə manat nisbətində) buraxıldı. 1992-ci ildən dövriyyədə olan köhnə manatlar 2006-cı il dekabrın 31-də tədavüldən çıxarıldı.
7 fevral 2007 – Tbilisidə Azərbaycan Prezidenti İlham Əliyev, Gürcüstan Prezidenti Mixail Saakaşvili, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi ilə bağlı sənədlər, regional əməkdaşlıq haqqında “Tbilisi bəyannaməsi” imzalanıb. Layihənin Gürcüstan hissəsinin maliyyəsi üçün krediti (ilkin olaraq 200 milyon dollar) Azərbaycan ayırıb.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
7 fevral 1812 – İngilis yazıçısı Çarlz Dikkens (Charles John Huffam Dickens; 1812–1870) anadan olub. “Oliver Tvistin macəraları”, “Devid Kopperfild”, “Dombi və oğlu” və s. romanların müəllifidir.
7 fevral 1885 – Amerika yazıçısı, ədəbiyyat üzrə ilk amerikalı Nobel mükafatı laureatı (1930) Sinkler Lyuis (Sinclair Lewis; 1885–1951) anadan olub.
7 fevral 1919 – Xalq artisti, görkəmli kinorejissor Tofiq Mehdiqulu oğlu Tağızadə (1919 – 27.8.1998) anadan olub. “Görüş”, “Uzaq sahillərdə”, “Arşın mal alan” (1965), “Yeddi oğul istərəm”, “Dədə Qorqud”, “O dünyadan salam” və s. filmləri ilə milli kinomuza dəyərli töhfələr verib.
7 fevral 1922 – Görkəmli rəssam, qrafika ustası Bəhruz Şirəli bəy oğlu Kəngərli (22.1.1892 – 1922) vəfat edib.
7 fevral 1929 – Türk şairi və aktrisası Könül (Gönül) Aysel Gürel (1929 – 17.8.2008) anadan olub. Populyar mahnıların sözlərinin müəllifidir.
7 fevral 1941 – Azərbaycan rəqqaslıq sənətinin tanınmış nümayəndəsi, Əməkdar artist Aliyə Allahqulu qızı Ramazanova (1941 – 1.9.2023) Qusar rayonunda doğulub. Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti olub.
7 fevral 1952 – Əməkdar artist Vahid Əsgər oğlu Əliyev (7.2.1952 – 6.11.2025) Tovuz şəhərində doğulub. Gənc Tamaşaçılar Teatrının aktyoru olub, həmçinin filmlərdə və televiziya tamaşalarında yaddaqalan rollar oynayıb.
Hazırladı: Vüqar Orxan
























