Fevralın 5-də Azərbaycan Milli Xalça Muzeyində “Səssiz dualar – Zirə Cümə məscidində qorunan mədəni irs” sərgisi açılıb..

Muzeyin direktoru Əməkdar mədəniyyət işçisi Əminə Məlikova sərgi barədə məlumat verib. Direktor layihənin ərsəyə gəlməsi prosesindən də danışaraq sərginin təşəbbüskarı Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyevaya təşəkkürünü bildirib. Vurğulayıb ki, Zirə Cümə məscidində unikal eksponatların mövcudluğunun şahidi olub və bu nümunələrin toplanması, qorunması, eləcə də ictimaiyyətə təqdim edilməsi mədəni irsin yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu çıxışında sərginin gözəl təşəbbüs və uğurlu ideya olduğunu bildirib. O qeyd edib ki, məscidlərimiz və dini məkanlarımız xalqımızın və tariximizin ayrılmaz hissəsidir: “Bu məkanlar mənəvi həyatımızda öz yerini qoruyub saxlayır. Eyni zamanda, muzeylərimizdə, xalça sərgilərində və müxtəlif ekspozisiyalarda nümayiş olunan tarixi-mədəni irsimiz cəmiyyətimiz üçün böyük dəyər daşıyır. Bu sərgi məhz həmin iki aləmi – dini məkanla mədəni irsi bir araya gətirməsi baxımından xüsusilə əhəmiyyətlidir”.

Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva çıxışında sərginin əhəmiyyətindən danışıb. O bildirib ki, maddi və qeyri-maddi mədəni irsimizin qorunması, müasir dövrdə təbliği və gələcək nəsillərə ötürülməsi Azərbaycan dövlət siyasətinin əsas prioritetlərindəndir.

Günay Əfəndiyeva vurğulayıb ki, təmsil etdiyi Xəzər və Pirallahı rayonlarının ərazisində çoxsaylı mədəni, dini və tarixi abidələr mövcuddur. Onun sözlərinə görə, sərgidə təqdim olunan eksponatlar uzun illər məscidin özündə, eləcə də sakinlərin arxivlərində, evlərində, nənələrin sandıqlarında qorunub saxlanılıb. Zirə məscidi qədim dini ibadət məkanlarımızdan biridir. Məscid 2016-cı ildə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə əsaslı təmir olunub.

"Məscidi ziyarət edərkən dini rəhbər Hacı Qədirlə görüşdüm, o, məscidin tarixi və burada qorunan əşyalar barədə ətraflı məlumat verdi. Daha sonra xalçalara və digər nümunələrə baxdıqda gördüm ki, bu məscid, eyni zamanda, kiçik bir muzeyi xatırladır. Burada yalnız Azərbaycana məxsus əl sənəti nümunələri deyil, müxtəlif ölkələrdən gətirilmiş dəyərli eksponatlar da yer alır: Özbəkistan, Türkiyə, İran, İraq, Türkmənistan və digər ölkələrdən olan nümunələr”, – deyə Günay Əfəndiyeva qeyd edib.

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov bildirib ki, sərgi xalqımızın böyük tarixinin, yaddaşının və mədəni irsinin təcəssümüdür. O, bu cür eksponatların qorunub saxlanılmasının mədəni irsimizin yaşadılması baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd edib.

Zirə Cümə məscidinin dini icmasının sədri Hacı Qədir Nəcəfov məsciddə qorunan tarixi əşyaların illər boyu insanların inancına, dualarına və mənəvi həyatına şahidlik etdiyini vurğulayaraq, bu irsin qorunması və ictimaiyyətə təqdim olunması istiqamətində göstərilən diqqəti yüksək qiymətləndirib. Vurğulayıb ki, məscid təkcə ibadət yeri deyil, eyni zamanda mədəniyyətin, maarifin və tarixi irsin qorunduğu məkan, gələcək nəsillərə körpü ola bilən mənəvi ocaqdır.

Tədbir çərçivəsində Zirə məscidi haqqında “Tarixin əmanəti” adlı qısametrajlı film nümayiş olunub. Filmin rejissoru Mübariz Nağıyevdir.

Sonra iştirakçılar sərgi ilə tanış olublar.

Milli Məclisin Mədəniyyət komitəsi, Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə həyata keçirilən layihə milli-mənəvi və mədəni dəyərlərin, tarixi yaddaşın, eləcə də xeyriyyəçilik ənənələrinin təbliğinə xidmət edir.

Sərgidə müxtəlif dövrlərdə ayrı-ayrı şəxslər tərəfindən Zirə Cümə məscidinə ianə edilmiş milli irs nümunələri nümayiş olunub. Ekspozisiyada xovlu və xovsuz xalçalar, xalça məmulatları, bədii metal, geyim və tikmə nümunələri, “Qurani-Kərim”in nüsxələri, həmçinin nadir əlyazma kitablar yer alıb. Eksponatların əksəriyyətinin yaşı bir əsrdən çoxdur və onlar azərbaycanlı sənətkarlar tərəfindən yaradılıb.

Tədbir bədii hissə ilə davam edib.

Şüvəlan qəsəbə Mədəniyyət evinin “Səma” rəqs ansamblının ifasında “Azərbaycan süitası” və “Qaytağı süitası” təqdim olunub, “Zəfər” muğam qrupu tərəfindən isə milli musiqi nümunələri səsləndirilib.

Sərgi fevralın 8-dək davam edəcək.