Fevralın 1-dən 7-dək Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı mənzil-qərargahında Dünya Dinlərarası Harmoniya Həftəsi keçirilir. Həftə çərçivəsində təşkil olunan yüksəksəviyyəli paneldə Azərbaycan nümayəndə heyəti də iştirak edib.
Paneldə çıxış edən mədəniyyət nazirinin müavini Fərid Cəfərov Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanın regional və qlobal miqyasda sülh və sabitliyə verdiyi töhfələrdən, eləcə də “Bakı Prosesi”nin mədəniyyətlərarası dialoq sahəsində qlobal platforma kimi rolundan danışıb.
Azərbaycan nümayəndə heyəti BMT baş katibinin gənclərlə iş üzrə köməkçisi Filip Pauler, BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anhel Moratinos və qurumun direktoru Nihal Saad, həmçinin BMT Qadınlar Təşkilatının baş direktorunun müavini Nyaradzayi Gumbonzvanda ilə görüşlər keçirib.
Görüşlərdə gənclərin və qadınların mədəni proseslərdə iştirakı, eləcə də 2011-ci ildən Bakıda ənənəvi olaraq keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.






















