Fevralın 4-də dünyaca məşhur azərbaycanlı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin (ABŞ) fəxri professoru Lütfi Zadənin (1921–2017) anadan olmasının 105 illiyi tamam olur. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında bu münasibətlə alimin zəngin elmi fəaliyyətindən və mənalı ömür yolundan bəhs edən elektron məlumat bazası hazırlanıb.
“Dünyaşöhrətli alim Lütfi Zadə - 105” adlı elektron toplu kitabxananın saytında yerləşdirilib.
Materialda Lütfi Zadənin həyat və fəaliyyətinin əsas tarixləri, bir sıra görkəmli şəxslərinin onun haqqında söylədikləri dəyərli fikirlər, rəsmi sənədlərlə yanaşı, “Qeyri-səlis məntiq nəzəriyyəsinin banisi”, “Dünyanı bütün çalarları ilə qavrayan azərbaycanlı dahi” və “Lütfi Zadə - xəyalla həqiqət arasındakı səddi aradan qaldıran şəxsiyyət” məqalələrinin tam mətni yer alır.
Elektron bazada alimin müəllifi olduğu nəşrlərin, eləcə də onun haqqında qələmə alınan kitab və dövri mətbuat nümunələrinin siyahıları təqdim edilir.
Kitaabxana əməkdaşlarının hazırladığı “Uzaq və yaxın sərvətimiz – Lütfi Zadə” adlı videomaterialda isə alimə dünya şöhrəti qazandıran və istehsalatda geniş tətbiq edilən, eyni zamanda, dünya elmində inqilab sayılan qeyri-səlis məntiq nəzəriyyəsi, “Təəssüratlar nəzəriyyəsi”, “Sistemlər nəzəriyyəsi”, “Sözlə işləyən kompüter nəzəriyyəsi”, “Optimal süzgəclər nəzəriyyəsi” kimi dünya elminin inkişafında, onun yeni əsaslar üzərində qurulmasında mühüm rol oynayan elmi kəşfləri haqqında məlumat verilir.
“Uzaq və yaxın sərvətimiz – Lütfi Zadə” adlı videomaterial da kitabxananın saytında yerləşdirilib.





















