İncəsənətin heç bir növü musiqi kimi əzəmətli, ilhamlı, fikir və hissləri yüksəldən qüvvəyə malik deyil.

O, bir tərəfdən insanları birliyə, qəhrəmanlığa, mübarizliyə çağırır,

digər tərəfdən isə hər bir fərdin daxili aləmindən, ən incə hisslərindən xəbər verir.

Qara Qarayev

 

Fevralın 5-də görkəmli bəstəkar, SSRİ və Azərbaycanın Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, ictimai xadim, akademik Qara Qarayevin (1918–1982) anadan olmasının 108-ci ili tamam olur. Qara Qarayevin özü və bizə miras qoyduğu sərvət haqqında  həm ölkəmizdə, həm də ondan kənarda çoxlu elmi, publisistik, tədqiqi işlər yazılıb, bu gün də davam olunur.

Sənətkarın sərhədləri görünməyən yaradıcılığının tədqiq olunmasına müasir dövrümüzdə də öz imzasını yazmaq istəyənlər çoxdur. “... elmin üfüqləri genişləndikcə, bəstəkarın yaradıcılıq təfəkkürünün sirləri daha da dərindən açıldıqca, onun üslub və musiqi dilinin araşdırılması problemi daha da aktuallaşır” – musiqişünas Könül Nəsirovanın fikirləri buna parlaq nümunədir. Çünki Qara Qarayev elə dühadır ki, daim sehrli dünyası ilə doludur.  

Hər ilin 5 fevral tarixində musiqi ictimaiyyətinin nümayəndələri görkəmli sənətkarın məzarını ziyarət edir, ev muzeyində onun xatirəsi yad olunur və günün sonunda mötəbər musiqi salonlarından birində əsərlərindən ibarət konsert təşkil olunur. Bu il də həmin ənənəyə sadiq qalaraq, Fəxri xiyabanda ziyarət olunduqdan sonra, ev-muzeyində xatirəsi yad ediləcək, axşam isə Azərbaycan Dövlət Filarmoniyasının zalında maraqlı konsert proqramı baş tutacaq.  

Qara Qarayev Azərbaycan musiqi mədəniyyətini yeni zirvəyə çatdırmağa nail oldu. Biz onunla bir əsrdə yaşamağımıza görə çox xoşbəxtik. Parlaq yaradıcılığı ilə Azərbaycan musiqi mədəniyyətinin inkişafına böyük təkan verən, müxtəlif janrlarda yazılan əsrarəngiz əsərləri ilə XX əsr musiqi mədəniyyəti xəzinəsinə böyük töhfələr bəxş edən, özündən sonra sülalə bəstəkar ordusu yetişdirən Qara Qarayevin adı daim iftixarla anılan görkəmli sənətkarlardandır. O, “Yeddi gözəl” və “İldırımlı yollarla” baletlərinin, “Leyli və Məcnun” simfonik poemasının, “Don Kixot” simfonik qravürlərinin, skripka və simfonik orkestr üçün konsertin, simfoniyaların, 4 dəftər prelüdlərin, kino və tamaşalara musiqinin və müxtəlif janrlarda əsərlərin müəllifidir.

Yaradıcılığını izlədikdə onu sanki yüksəkliyə doğru cizgilənən, axtarışlarda olaraq, novatorluğa istiqamətlənərək, mükəmməlliyin zirvəsinə və yalnız bu yüksəkliyin əldə olunmasına yönələn yaradıcılıq yolu göz önündə canlanır. Əlbəttə, bu yol heç də asan və maneəsiz olmadı. Bu yol çox mürəkkəb, keşməkeşli idi. “Qara Qarayev yaradıcılığı dünyagörmüş, həyatın hər isti soyuğunu, acısını-şirinini dadmış bir sənətkar ömrünü xatırladır. O, yalnız bizim zövqümüzü oxşamaqla qalmır, eyni zamanda özümüzü dərk etməkdə, hisslərimizin tərbiyəsində, mənəvi aləmimizin kamilləşməsində iştirak edir” – deyən musiqişünasRamiz Zöhrabov yaradıcılığının nə qədər dərin fəlsəfi baxışlara malik olmasını açır.

Qara Qarayev milli melodik təfəkkürün səciyyəvi cəhətlərini dərindən mənimsəyərək, Azərbaycan musiqisinin yeni formalarını yaratmış, onun inkişaf etdirilməsində böyük rol oynamışdır. Bu barədə onun müəllimi, görkəmli sovet bəstəkarı D.Şostakoviçin sözləri dəqiq olardı: “Qara Qarayev ənənəliyi və müstəqil yaradıcılığı mümkün olduqca daha rəngarəng, daha maraqlı, daha üzvi surətdə birləşdirməyə cəsarətlə, ürəklə cəhd edərək, öz yaradıcılıq palitrasını hər vasitə ilə genişləndirir, o, “qəbul olunmuş” xəlqilik çərçivəsindən çıxmağı qorxmur, xəlqilik anlayışını genişləndirir”.

Qara Qarayev üslubu təkcə özünəməxsus musiqi dili, orijinallığı ilə deyil harmonik dilin zənginliyi, orkestr səslənməsinin mürəkkəbliyi, seçdiyi mövzuların əsrarəngizliyi və zamanla mövzunun daha da çox məna kəsb etməsinə yönəlmişdir.

Qara Qarayevin yaradıcılığı bir sıra üfüqlərə yol açdı, onun inkişafına, daha da zənginləşməsinə təkan oldu. Söz ilə musiqinin vəhdətini yazdığı romanslarda və “Vətən” operasında (həmmüəllif Cövdət Hacıyev), simfonik musiqinin zirvəsini təşkil edən “Leyli və Məcnun” simfonik poemasında, yeni ifadə vasitələrinin axtarışlarını skripka və orkestr üçün konsertində, müasir musiqinin ən ümdə keyfiyyətlərini əks etdirən III simfoniyasında və s. görə bilərik. Əsərlərdə o, yeni müasir musiqi texnikalarına müraciət edərək, həmin vasitələr ilə bədii və estetik məsələləri həll etməyə nail olur.

Qara Qarayev klassik poeziya nümunələrinə həssas yanaşaraq, onu musiqidə bütün məcmusu ilə izhar etmək bacarığına malik idi. Nizami yaradıcılığı daim Qarayevi düşündürmüş, bu sənət fədaisinin əsərlərini “Leyli və Məcnun” simfonik poemasında, “Yeddi gözəl” simfonik süitasında, ondan sonra XX əsr Azərbaycanın balet sənətində yeni dövr açan “Yeddi gözəl” baletində əks etdirmişdir.   

Qara Qarayevin zəngin yaradıcılıq sferalarından biri də pedaqoji fəaliyyəti ilə bağlıdır. O, 1974-cü ildən başlayaraq həyatının 40 ilini bu şərəfli işə sərf etmişdir. Qara Qarayev məktəbinin yetirmələrinin əsərləri nəinki ölkəmizdə, həmçinin ölkəmizdən kənarda, səslənir və tamaşaya qoyulur. Diqqətəlayiqdir ki, yetişdirdiyi bəstəkarların hər biri öz fərdi yaradıcılığına malik sənətkarlardır. 70-ə yaxın professional bəstəkar yetişdirmiş Qara Qarayev hər birisinin müxtəlif janrlarda yaradıcılıq fəaliyyətinin inkişafına böyük təkan vermiş və parlaq incilər kimi Azərbaycan musiqisinin inkişafına nail olmuşdur. Onlardan Rauf Hacıyev, Arif Məlikov, Hacı Xanməmmədov, Vasif Adıgözəlov, Polad Bülbüloğlu, Tofiq Bakıxanov, Oqtay Zülfüqarov, Firəngiz Əlizadə, Məmməd Quliyev, Emin Sabitoğlu, Sevda İbrahimova, Elnarə Dadaşova, Azər Dadaşov və başqalarını nümunə göstərə bilərik. Hər biri özünəməxsus yaradıcılığa malikdir. Lakin onlar böyük müəlliminin estetik prinsiplərinə sadiq qalaraq onun qoyduğu ənənələri davam etdirirlər.

Qara Qarayevin tələbələri içərisində dünya şöhrəti qazanmış bəstəkar, UNESCO-nun “Sülh artisti”, Azərbaycanın Xalq artisti, AMEA-nın müxbir üzvü, professor Firəngiz Əlizadə müəllimi haqqında onun 80 illiyinə həsr olunmuş Azərbaycan və rus dillərində eyniadlı kitabın (“Qara Qarayev” 1997-ci il) müəllifidir. Onun haqqında digər tələbəsi bəstəkar-musiqişünas Nərgiz Şəfiyeva “Qara Qarayev. Tələbələrinin xatirəsində” (2014) kitabını nəşr etdirmişdir. 

Böyük bəstəkar hər bir tələbəsinin uğuruna böyük sevinclə yanaşaraq, onlara arxa-dayaq olmuşdur. 70-ci illərin ortalarında Azərbaycan Dövlət Filarmoniyasında keçirilən konsertdə Firəngiz Əlizadənin fortepiano üçün sonatasının ifası ilə bağlı olan tarixi an buna parlaq nümunə ola bilər. Sonatanı müəllif özü fortepianoda ifa etdikdən sonra Qara müəllim tez addımlarla səhnəyə yaxınlaşıb sevinclə söyləmişdir: “Budur müasir musiqi”.  Bu fikir ilə, Qara müəllim tələbəsinin gələcək həyatının parlaq səhifələrini duymuş və müasir musiqinin əsrarəngiz tablolarının yaradılmasını illər öncə belə hiss etmişdir.

Qara Qarayev həmçinin görkəmli ictimai xadim idi. O, Azərbaycan EA-nın İncəsənət İnstitutunun direktoru (1948-1949), Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) rektoru (1949-1952) olmuş, otuz ilə yaxın (1953-1982) Azərbaycan Bəstəkarlar İttifaqına rəhbərlik etmişdir.             

Azərbaycan Bəstəkarlar İttifaqında Qara Qarayevin xatirəsi daim ehtiramla anılır. Təkcə son illərdə Xalq artisti Firəngiz Əlizadənin rəhbərliyi altında ABİ-də Qara Qarayevin yubiley illərində keçirilən tədbirlərə nəzər yetirsək, bunu görə bilərik. 2008-ci ildə bəstəkarın 90, 2013-cü ildə 95, 2018-ci ildə 100 illiyinə həsr olunmuş konsertlər (“Qara Qarayev və onun məktəbi”, “Qara Qarayev sinfinin məzunları”), müxtəlif mövzularda musiqişünasların məruzələri cəmləşən elmi konfranslar, xatirə gecələri, nəşr olunan yeni kitablardan ingilis dilində “Qara Qarayev” (müəllif Natalya Dadaşova), rus dilində “Qara Qarayevin kino musiqisi” (müəllif Nailə Mehdiyeva), “Qara Qarayevin baleti. “Yeddi gözəl” (müəllif Natalya Dadaşova), “Qara Qarayevin kamera instrumental yaradıcılığı” (Munisə Abdullayeva) və s. buna misal ola bilər.

Qara Qarayev ənənələri illərdir milli musiqi mədəniyyətimizə yeni tövhələr verir. Biz inanırıq ki, gələcək nəsillərdə də bu ənənələr müasirlik təravəti ilə həmişəyaşar olacaqdır.

Yazını Firəngiz Əlizadənin “Qara Qarayev” kitabında yer alan sitat ilə bitirmək istərdim: “Bəstəkar Qara Qarayev elə bir mənəvi sərvət yaratmışdır ki, bu onun adını əbədi olaraq ölməz etmişdir. Vicdan və vəzifə borcunu yerinə yetirən zəhmətkeş Q.Qarayev bütün ömrü boyu xeyirxah əməllər sahibi olmuşdur. O, gələcəyə böyük ümidlə baxaraq onun təməlini qoyurdu: yorulmaq bilmədən yaradır, işləyir, öyrədir və tərbiyə edirdi ki, bu dünyanı tərk edəndə hər şeyi insanlara – öz şagirdləri və ardıcıllarına, həmkarları və dostlarına – bir sözlə öz xalqına bəxş edib getsin”.

 

Leyla Zöhrabova

Azərbaycan Bəstəkarlar İttifaqının katibi, sənətşünaslıq üzrə elmlər doktoru, dosent