5-8 fevral tarixlərində Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və “Gilan”ın dəstəyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə Qəbələdə II Beynəlxalq “Qış nağılı” Musiqi Festivalı keçiriləcək.

2009-cu ildən etibarən ənənəvi olaraq yay mövsümündə Qəbələ Beynəlxalq Musiqi Festivalı təşkil edilir. Artıq ikinci ildir ki, Qəbələ qış mövsümündə də festivala ev sahibliyi edir.

Bu dəfə dörd gün ərzində Qəbələdəki Heydər Əliyev Konqres Mərkəzində izləyicilərə rəngarəng proqram təqdim ediləcək, o cümlədən vokal, kamera instrumental musiqi axşamları, solo çıxışlar soyuq qış fəslini rəngləndirəcək.

“Qış nağılı”nın birinci günü dahi bəstəkar Qara Qarayevin (1918–1982) anadan olmasının 118-ci ildönümünə təsadüf edəcək və ilk konsert onun musiqi irsinə həsr olunacaq. Konsertdə görkəmli pianoçular – Xalq artistləri Fərhad Bədəlbəyli və Murad Adıgözəlzadə, Azərbaycan Dövlət Simli Kvarteti çıxış edəcək.

Fevralın 6-da festivalın təntənəli açılış mərasimi olacaq. Konsertdə Əməkdar artist Əyyub Quliyevin dirijorluğu ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri, Əməkdar artist Afaq Abbasova (soprano), Aytac Şıxəlizadə (metso-soprano), Azər Zadə (tenor), Mahir Tağızadə (bariton) çıxış edəcəklər. C.Puççini, C.Rossini, C.Verdi, F.Leqar, eləcə də Musa Mirzəyev və digər bəstəkarların əsərlərindən ibarət konsert proqramı təqdim olunacaq.

Qəbələ festivalı musiqi bayramı olmaqla yanaşı, mədəniyyətlərarası dialoqa da mühüm töhfədir. Fevralın 7-də  Azərbaycanla İtaliya arasında dostluğu təcəssüm etdirən “Bakı-Neapol: musiqi körpüsü” kamera musiqi axşamı keçiriləcək. Proqramda Azərbaycan və İtaliya bəstəkarlarının əsərləri yer alacaq.

Fevralın 8-də isə “Azərbaycan-İspaniya: iki ölkə, bir musiqi” adlı flamenko-caz musiqi gecəsi ilə “Qış nağılı” festivalına yekun vurulacaq. Bağlanış konsertində ispaniyalı ifaçı və rəqqaslar səhnəyə çıxacaq.