Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIV qurultayı 2027-ci ildə keçiriləcək.

AYB-nin Mətbuat xidmətinin rəhbəri Xəyal Rza bildirib ki, qurultay 2027-ci ilin yay-payız aylarında ola bilər: “Əgər hazırlıq işlərini vaxtında yekunlaşdıra bilsək, ehtimal ki, qurultay yay aylarında keçiriləcək”.

Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyinin axırıncı qurultayı 2022-ci ildə olub.

***

Bu arada AYB-yə üzvlük haqqını ödəməyən yazarlar təşkilatdan çıxarılır.

Mətbuat xidmətinin rəhbəri Xəyal Rza bildirib ki, söhbət 2020-ci ildən sonrakı dövrə aid üzvlük haqqı borcundan gedir. Onun sözlərinə görə, 2020-ci ilə qədər olan üzvlük haqqı borcları bir müddət əvvəl silinib.

2026-cı ilin fevralın 1-nə qədər üzvlük haqqı ödəməyənlərin AYB-dən xaric ediləcəyi ilə bağlı xəbərdarlıq edilib: “Xəbərdarlıqdan sonra 2020-ci ildən bəri üzvlük haqqını ödəməyən otuza yaxın şair-yazıçı AYB-dən xaric edilib. Bu barədə onlara bildiriş göndəriləcək”.

Qeyd edək ki, AYB-nin 2 minə yaxın üzvü var. İllik üzvlük haqqı 15 manat təşkil edir.