Respublika Uşaq Kitabxanasında 2 fevral – Gənclər Günü münasibətilə "Sağlam gənclik – güclü gələcək" adlı tədbir təşkil olunub.

Əvvəlcə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə Azərbaycan İdman Akademiyasının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Müjgan Məmmədzadə, İdman Akademiyasının cüdo üzrə müəllimi, kəmər imtahanları üzrə ekspert, Mas-restlinq üzrə dəfələrlə respublika çempionu Mahir Talıbov, Azərbaycan Dillər Universitetinin müəllimi, gənc alim Ayşən Məmmədova, gənc kitabxanaçılar və  mədəniyyət könüllüləri iştirak ediblər.

Uşaq Kitabxanasının direktoru Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova qonaqları salamlayıb, onları Gənclər Günü münasibətilə təbrik edib.

Çıxış edən qonaqlar gənclərin fiziki sağlamlığının, intellektual inkişafının və sosial məsuliyyət hissinin formalaşdırılmasının vacibliyini vurğulayıblar.

Mahir Talıbov idman sahəsində uğur qazanmaq üçün davamlı zəhmət, düzgün istiqamət və özünə inamın əsas amillər olduğunu diqqətə çatdırıb.

Ayşən Məmmədova təhsil sahəsində əldə etdiyi nailiyyətlərdən bəhs edərək, yüksək nəticələrin məqsədyönlü fəaliyyət və güclü motivasiya ilə mümkün olduğunu qeyd edib, gənclərə praktiki tövsiyələr verib.

Müjgan Məmmədzadə isə çıxışında gənclərin cəmiyyət qarşısında daşıdıqları məsuliyyətdən danışaraq, onların fəal, vətənpərvər və faydalı vətəndaş kimi formalaşmasının əhəmiyyətini önə çəkib.

Tədbir iştirakçıları belə görüşlərin gənclərin sağlam, güclü və uğurlu fərdlər kimi yetişməsinə mühüm töhfə verdiyini bildiriblər.

Tədbirin əsas məqsədi gənclərin fərdi inkişafını dəstəkləmək, özünəinam hissini təşviq etmək və uğur yolunda düzgün istiqamətləndirilməsinə yardım göstərməkdir.