29 və 31 yanvar tarixlərində Oman Sultanlığının paytaxtı Maskat şəhərindəki Kral Opera Teatrında (“Royal Opera House Muscat”) italyan bəstəkarı Cakomo Puççininin “Toska” operası Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının orkestri və xorunun iştirakı ilə nümayiş olunub.
Tamaşada əsas partiyalardan birini – Mario Kavaradossi rolunu Azərbaycanın Xalq artisti, dünyaca məşhur tenor Yusif Eyvazov ifa edib.
Dünya opera irsinin incilərindən olan “Toska”nın Maskatda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının iştirakı ilə təqdim olunması milli opera məktəbinin yaradıcı potensialını və beynəlxalq etimadı nümayiş etdirir.
Yanvarın 31-də nümayiş olunan tamaşaya Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, digər rəsmilər, eləcə də Oman Kral Opera Teatrının rəhbərliyi baxıb.
Operada əsas partiyaları Yusif Eyvazovla birlikdə italyan soprano Carmen Giannattasio (Floriya Toska) və bariton Ambrogio Maestri (Baron Skarpia) oxuyublar.
Tamaşaya rejissor Davide Livermore quruluş verib, musiqi rəhbərliyini isə dirijor Fabio Mastrancelo həyata keçirib.
Oman Sultanu Qabus bin Səidin təşəbbüsü ilə 2011-ci ildə fəaliyyətə başlayan “Royal Opera House Muscat" Yaxın Şərqin aparıcı mədəniyyət mərkəzlərindən hesab olunur.
Azərbaycan kollektivinin belə mötəbər səhnədə çıxışı musiqi mədəniyyətimizin beynəlxalq səviyyədə təbliği baxımından əhəmiyyətli hadisədir.





















