Yanvarın 30-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Xalq yazıçısı Maqsud İbrahimbəyovun “Neft bumu hamıya gülümsəyir” pyesi əsasında səhnələşdirilən eyniadlı tamaşanın premyerası keçirilib.
Tamaşanın quruluşçu rejissoru Konstantin Soldatov, rejissoru Əməkdar artist Şövqi Hüseynov, quruluşçu rəssamı Çingiz Babayev, xoreoqrafı Nigar İbrahimbəylidir. Səs dizaynını Konstantin və Platon Soldatovlar hazırlayıblar.
Rolları Şövqi Hüseynov, Bəhram Həsənov, Asya Atakişiyeva, Kərəm Hadizadə, Rasim Cəfər, Rəşad Səfərov və digər aktyorlar ifa ediblər.
Tamaşa izləyiciləri XX əsrin əvvəllərinin Bakısına – neft bumunun, dəbdəbəli qəbul mərasimlərinin, sevgi intriqalarının və yaxınlaşan inqilab ab-havasının hökm sürdüyü dövrə aparır. Gənc neftçinin taleyi komiks üslubunda təqdim olunur. Var-dövlətlə ideallar, borcla azadlıq arasında qalan insanın hekayəsi satirik və müasir formada səhnələşdirilir.
Tamaşada teatr dili qrafik roman estetikası ilə uzlaşdırılıb. Stop-kadrlar, proyeksiyalar və videogörüntülər, güclü səs effektləri əsas vizual ifadə vasitələri kimi istifadə olunub.
























