Yanvarın 31-də abonement konsertlər silsiləsi çərçivəsində Kamera və Orqan Musiqisi Zalında M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası və Azərbaycan Milli Konservatoriyasının (AMK) birgə təşkilatçılığı ilə “Nəsillərin dialoqu” adlı yeni layihə təqdim olunub.
Filarmoniyadan bildirilib ki, layihənin əsas ideyası müxtəlif nəsillərə mənsub ifaçıların yaradıcılıq ünsiyyətini səhnədə canlandırmaq, milli musiqi irsinin müasir interpretasiyalarını nümayiş etdirmək və ustad-şagird ənənəsinin davamlılığını musiqi dili vasitəsilə ifadə etməkdən ibarətdir.
Konsertdən öncə AMK-nın rektoru Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Kamilə Dadaş-zadə çıxış edərək layihənin əhəmiyyətindən söz açıb, bu cür təşəbbüslərin gənc ifaçıların formalaşmasında, milli musiqi düşüncəsinin qorunub inkişaf etdirilməsində mühüm rol oynadığını vurğulayıb.
Konsert proqramında Qarabağ Universitetinin İncəsənət fakültəsinin müəllimi, tarzən, Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ələkbər Ələkbərov və onun yetirməsi, AMK-nın müəllimi, istedadlı tar ifaçısı İbrahim Babayev və tələbələri çıxış ediblər. İbrahim Babayevi pianoda Pərviz Məmmədov, zərb alətlərində Vəfadar Ramiz müşayiət edib. Konsertmeyster Svetlana Əhmədova olub.
Proqramda bəstəkar əsərləri ilə yanaşı, xalq musiqi nümunələri, həmçinin İ.Babayevə məxsus muğam improvizasiyaları səsləndirilib.
Konsertin xüsusi məqamlarından biri İ.Babayevin və tələbələrinin birgə ifa etdikləri “Colors of Azerbaijan” adlı kompozisiya olub. Bu əsərdə tar alətində təqdim olunan canlı improvizasiyalar milli musiqinin çağdaş səhnə estetikası ilə sintezinin bariz nümunəsi kimi qiymətləndirilə bilər.
Yüksək peşəkarlıq, nəsillərarası yaradıcılıq dialoqu və milli musiqi düşüncəsinə müasir yanaşma ruhunda keçən konsert proqramı dinləyicilərin gur alqışları ilə qarşılanıb.

























