30-31 yanvar tarixlərində Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq artisti Afaq Bəşirqızının iştirakı ilə “Zal qızı Zalxa” komediyasının premyerası təqdim olunub.

Yazıçı-dramaturq Əli Əmirlinin “Yeddi məhbusə anası” pyesi əsasında hazırlanan tamaşanın bəstəkarı Əməkdar incəsənət xadimi Cavanşir Quliyev, quruluşçu rejissoru Prezident mükafatçısı Samir Qulamovdur.

Tamaşanın süjeti polis məntəqəsinin müvəqqəti saxlama təcridxanasında baş verən tragikomik hadisələr üzərində qurulub. Dəmir barmaqlıqlar arxasında saxlanılan yeddi məhbus qadın və onları qorumağa çalışan ananın duzlu-məzəli əhvalatı tamaşaçılara gülüş dolu anlar bəxş edib. Komediyada ana fədakarlığı, qadın taleyi, ailə və cəmiyyət arasındakı bağların möhkəmliyi də ön plana çəkilir.

Musiqili komediyanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Nigar Şahmuradova, dirijoru Səməd Süleymanlı, xormeysteri Məlahət Qasımova, konsertmeysteri Fidan Məmmədova, rejissor assistenti Razimə İsmayılovadır.

Tamaşada Xalq artisti Afaq Bəşirqızı ilə yanaşı Əməkdar artist Əzizağa Əzizov (Babək), Prezident mükafatçısı Ülviyyə Əliyeva (Nigar), aktyorlar Hüseyn Əlili (polis Aslan), Gülcahan Salamova (Həcər), Türkel Tariqpeyma (Nüşabə), Ofeliya Məmmədova (Tomris), Gültac Əlili (Ərəbi), Gülnarə Əzizova (Qüdrət), Nərmin Əliyeva və Nigar Rüstəmova (Şöhrət), Cəbrayıl Cəbrayılov (arabadakı adam), həmçinin teatrın xor və balet artistləri iştirak edirlər.

Xatırladaq ki, aktrisa bu obrazı 2007-ci ildə Əməkdar incəsənət xadimi Oruc İzzətoğlunun quruluşunda səhnələşdirilən tamaşada da uğurla ifa edib.

“Zal qızı Zalxa” musiqili komediyasının növbəti nümayişi fevralın 13-də də olacaq.