Andersen nağılları və balaca istedadların sehrli xəyalları Dövlət Uşaq Filarmoniyasında tamaşaçılara nağıl kimi bir axşam bəxş edib.
Uşaq Filarmoniyasından verilən məlumata görə, yanvarın 29-da Hans Kristian Andersenin (1805–1875) nağıllarının motivləri əsasında bəstəkar Sergey Bortkeviçin (1877–1952) fortepiano pyeslərindən ibarət maraqlı konsert proqramı keçirilib.
Bu iki sənətkarın yaradıcılığına birlikdə nəzər salmaq heç də təsadüfi deyil. Onların yaradıcılıq harmoniyasını belə izah etmək olar: Andersen nağıl yaradır, Bortkeviç isə həmin nağılları musiqi ilə danışır. Məhz bu yanaşmaya əsaslanaraq konsertdə uşaqlar səhnədə həm nağıl danışıb, həm də xəyallarını pianonun sehrli səsləri ilə canlandırıblar.
Belə bir proqramın təşkil olunması uşaqların həm ədəbi, həm də musiqi baxımından inkişafına mühüm töhfədir. Sanki bir nağıl qəhrəmanı kimi səhnədə olan balaca solistlər musiqinin dili ilə öz obrazlarını yaradıb, xəyallarını səslərə çeviriblər.
Tədbirdə çıxış edən Dövlət Uşaq Filarmoniyasının direktoru pianoçu Səidə Tağı-zadə hər iki sənətkarın yaradıcılığına toxunub, onların həyat yolundan, yaradıcılıq harmoniyasından, aid olduqları dövrün xüsusiyyətlərindən söz açıb. Direktor gənc və istedadlı pianoçuların ifa texnikasından, emosional ifadə imkanlarından da bəhs edib. Onun uşaqlara yanaşması təkcə müəllim qayğısı deyil, eyni zamanda sənətkar diqqətidir.
Maraqla qarşılanan konsertin tamaşaçıları arasında Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva, Avstriyanın Azərbaycandakı səfiri Tomas Şuller Qötsburq (Thomas Schuller-Götzburg) və xanımı, Qazaxıstanın və Ukraynanın Azərbaycandakı səfirliklərinin nümayəndələri də olublar.
Konsertin sonunda iştirakçılar səhnəyə çıxaraq xatirə şəkili çəkdiriblər.


























