Mədəniyyət Nazirliyi və Beynəlxalq Muğam Mərkəzinin (BMM) təşkilatçılığı ilə “Sazın səsi, sözün nəfəsi” adlı konsert proqramı keçirilib.

BMM-nin direktoru Əməkdar artist, Özbəkistan mədəniyyət elçisi Sahib Paşazadə konsertdən əvvəl çıxış edərək “Sazın səsi, sözün nəfəsi” layihəsi haqqında məlumat verib.

Bildirib ki, ilk tədbiri keçirilən layihə il boyunca ayda bir dəfə təşkil edilməklə davam edəcək. Layihənin məqsədi Azərbaycan aşıq mədəniyyətinin bütün cəhətlərini – klassik aşıq sənətini, poetik forma, musiqi ifaçılığı və ustad-şəyird ənənəsini tamaşaçıya səhnə formatında təqdim etməkdir.

Layihə həm maarifləndirici, həm də bədii-estetik xarakteri daşıyır. "Əsas məqsədimiz Azərbaycan klassik aşıq sənətinin tarixi dəyərini geniş auditoriyaya çatdırmaqdır. Ustad aşıqların yaradıcılığını təbliğ etmək, gənc aşıqların çıxışına meydan yaratmaq, folklor irsinin müasir səhnədə yeni tərzdə təqdim etməkdir", – deyə S.Paşazadə vurğulayıb.

Daha sonra çıxış edən professor Asif Rüstəmli bildirib ki, bu cür layihələrin əhəmiyyətini, ustad saz ifaçılarının irsini yaşatmağın vacibliyini diqqətə çatdırıb. "Aşıq Ədalət təkcə saz çalmırdı, o, həm də sazı bir mədəniyyət hadisəsi kimi təqdim edir, onu dinləyiciyə sevdirir, sazın səsini milli yaddaşın, mənəvi varlığın daşıyıcısına çevirirdi", – deyə o əlavə edib.

Tədbirin aparıcısı filologiya üzrə fəlsəfə doktoru, dosent, aşıqşünas İlhamə Qəsəbova qeyd edib ki, konsert proqramı “Sazın dörd üzü” konsepsiyası üzərində qurulub. Bu konsepsiya klassik aşıq sənətinin dörd əsas müstəvisini göstərir: saz – müqəddəs və ritual simvol, saz – söz poeziyanın daşıyıcısı, saz – dastan tarixi yaddaşın qoruyucusu və saz – məclis, ünsiyyət və sosial birlik vasitəsi kimi.

Onun sözlərinə görə, saz məclis mədəniyyətində insanları bir araya gətirən, paylaşım və canlı ünsiyyət yaradan sənət nümunəsidir.

Daha sonra konsert proqramında klassik aşıq havaları səsləndirilib.

Aşıqlar Çingiz Mehdipur, İlham Aslanbəyli, Şaiq İncəli, Nazim Quliyev, Elməddin Məmmədli, Nargilə Mehdiyeva, Eldar Bağırov, Əli Zeynalabdinov və Vüqar Kamandaroğlunun ifaları maraqla qarşılanıb.

Sonda aşıqların xor ifası təqdim edilib.