Yanvarın 29-da Azərbaycan Dövlət Film Fondunda Xalq artisti, Dövlət mükafatı laureatı, görkəmli kinorejissor Eldar Quliyevin (1941–2021) anadan olmasının 85 illiyi münasibətilə tədbir keçirilib.
Əvvəlcə qonaqlar Eldar Quliyevin həyat və yaradıcılığından bəhs edən fotosərgi ilə tanış olublar.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Dövlət Film Fondunun direktoru Əməkdar incəsənət xadimi Cəmil Quliyev bildirib ki, 2021-ci ildən etibarən Eldar Quliyevin şəxsi arxiv fondunun yaradılması istiqamətində işlər aparılıb. O, kinorejissorun ailə üzvlərinin, yaxınlarının və sənət adamlarının bu işə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.
Eldar Quliyevin əqidəsinə sadiq, dostluqda etibarlı, saf və səmimi bir insan olduğunu söyləyən Cəmil Quliyev deyib ki, bu keyfiyyətlər onun həyatının müxtəlif məqamlarında özünü göstərib və dostlarının xatirələrində yaşayır.
Qeyd olunub ki, Eldar Quliyevin yaradıcılığı təkcə Azərbaycanda deyil, beynəlxalq sənət mühitində də yüksək dəyərləndirilib: “Onun filmləri haqqında zamanında nüfuzlu kinoşünasların və sənət adamlarının söylədiyi fikirləri arxivimizdə qoruyub saxlayırıq. Bu mənbələr həm Eldar müəllimin sənətdəki çəkisini, həm də yaradıcılığının təsir gücünü bir daha təsdiqləyir”.
Xalq yazıçıları Natiq Rəsulzadə və Elmira Axundova, Xalq artistləri – kinorejiissor Oqtay Mirqasımov, aktyor Rafiq Əzimov, bəstəkar Siyavuş Kərimi, Əməkdar incəsənət xadimi, kinooperator Rafiq Qəmbərov çıxış edərək Eldar Quliyevlə bağlı xatirələrini bölüşüblər.
Natiqlər sənətkarla birgə işlədikləri dövrlərdən, onun iş prinsiplərindən, tələbkarlığından, işə məsuliyyətli yanaşmasından və Azərbaycan kinosuna verdiyi dəyərli töhfələrdən bəhs ediblər.
Bildirilib ki, dünya kinematoqrafiyasının nailiyyətlərindən və qabaqcıl təcrübəsindən daim bəhrələnən Eldar Quliyev Azərbaycanın kino salnaməsinə yeni səhifələr yazıb. Sənətkarın ideya dərinliyi ilə seçilən, ictimai-siyasi hadisələr fonunda insan mənəviyyatının təhlilini xüsusi diqqətdə saxlayan və xeyirxahlıq, məsuliyyət, humanizm aşılayan zəngin yaradıcılığı mədəniyyətimizin qızıl fondunda layiqli yer tutur. Eldar Quliyevin “Bir cənub şəhərində”, “Sevinc buxtası”, “Babək” və “Nizami” kimi parlaq ekran əsərləri, eləcə də digər bədii və sənədli filmləri Azərbaycan kinematoqrafiyasının nailiyyətləridir.
Rejissorun tələbələri Kəmalə Musazadə və Elşən Zeynallı çıxış edərək Eldar Quliyevin pedaqoji fəaliyyətindən, tələbələrinə göstərdiyi diqqət və qayğıdan danışıblar. Qeyd olunub ki, Eldar Quliyev həm kübar və incə ruhlu insan, həm də peşəsinə böyük məsuliyyətlə yanaşan sənətkar idi.
Rejissor Əfqan Yusifov Eldar Quliyevə həsr olunmuş “Ən vacib müsahibə 2” sənədli filminin ideyasının yaranması və ərsəyə gəlməsi barədə məlumat verib.
Sənətkarın qızı Nərminə Quliyevanın Dövlət Film Fonduna və filmin yaradıcı heyətinə təşəkkür videosu nümayiş olunub.
Sonda Əfqan Yusifovun görkəmli sənətkara həsr olunmuş “Ən vacib müsahibə 2” sənədli filmi nümayiş etdirilib.

























