Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) Ü.Hacıbəyli adına konsert salonunda “Şanlı Zəfərə həsr olunan Azərbaycan bəstəkarlarının simfonik orkestr üçün əsərləri” (Partitura, II cild) yeni not nəşrinin təqdimatı keçirilib.
Bu barədə Bəstəkarlar İttifaqdan məlumat verilib.
İttifaqının sədri, UNESCO-nun “Sülh artisti”, AMEA-nın müxbir üzvü, Xalq artisti, professor Firəngiz Əlizadə çıxışında Zəfər Gününə həsr olunmuş “Qarabağ Azərbaycandır!” adlı konsertdə səslənən əsərlər və 3 cilddən ibarət not nəşrləri haqqında məlumat verib.
Layihənin bədii rəhbəri Firəngiz Əlizadə Bəstəkarlar İttifaqı tərəfindən əsərlərin partiturasının ilk dəfə çap olunduğunu vurğulayaraq, nəfis tərtibatda işıq üzü görən bu əsərlərin Azərbaycan musiqi mədəniyyətində dəyərli mənbə olacağını söyləyib.
Yeni not nəşrinin II cildinə Xalq artisti Azər Dadaşovun “Zəfər çələngi. Uvertüra”, Əməkdar incəsənət xadimləri Mobil Babayevin “Şanlı Qələbə”, Ceyhun Allahverdiyevin “Qələbə uvertürası”, Əməkdar artist Vüqar Camalzadənin “Qarabağa gedən yol”, Vüqar Məmmədzadənin “Dəmir yumruq” simfonik əsərləri daxildir.
Tədbirdə ABİ-nın katibləri – Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Elnara Dadaşova, sənətşünaslıq üzrə elmlər doktoru, dosent Leyla Zöhrabova, eləcə də Əməkdar artist, bəstəkar Vüqar Camalzadənin layihə barədə fikirlərini bölüşüblər.
Bədii hissədə Mobil Babayevin “Vətənim, ilk məhəbbətim” (söz: B.Vəziroğlu; vokal ifa – İsmayıl Zeynalov, konsertmeyster – Elmir Hüseynov), Vüqar Camalzadənin “Gəlməmiş” romansı (söz: M.P.Vaqif; vokal – İlkin Dövlətov), Vüqar Məmmədzadənin piano, violin, violonçel üçün “Trio” (beynəlxalq müsabiqə laureatları Nərgiz Rəsulova – piano, Gülsün Cəfərova – violin, Əbdülfariz Məmmədzadə – violonçel) əsərləri səsləndirilib.
Videoformatda isə Azər Dadaşovun “Zəfər çələngi. Uvertüra”, Ceyhun Allahverdiyevin “Qələbə uvertürası”, Firəngiz Əlizadənin xor və simfonik orkestr üçün “Zəfər marşı” əsərləri Xalq artisti, dirijor Fəxrəddin Kərimovun idarəsilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin və Azərbaycan Dövlət Xor Kapellasının (bədii rəhbər: Xalq artisti Gülbacı İmanova) ifasında təqdim olunub.


























