Yanvarın 27-də Azərbaycan Kinematoqrafçılar İttifaqında (AKİ) “İzzət” kino mükafatının ilk təqdimetmə mərasimi keçirilib.
İttifaqdan verilən məlumata görə, ilk azərbaycanlı kinoaktrisa, ötən əsrin 30-cu illərində “Sevil” və “Almaz” filmlərində baş rolların ifaçısı kimi tanınan İzzət Orucovanın (1909–1983) şərəfinə adlandırılmış mükafat AKİ-nin beynəlxalq əlaqələr və layihələr üzrə meneceri, kinorejissor Afaq Yusifli tərəfindən təsis edilib və Azərbaycan kinosunda qadınların rolunu və təmsilçiliyini artırmaq məqsədi daşıyır.
Mükafatın ilk qalibləri rejissor, AKİ-nin katibi Oleq Səfərəliyev, kinotənqidçi Sevda Sultanova, rejissor İlqar Nəcəf və rejissor, prodüser Türkan Hüseyndən ibarət münsiflər heyəti tərəfindən seçilib.
“İzzət” kino mükafatının ilk qalibləri:
Sevil Beynəlxalq Qadın Sənədli Filmlər Festivalı – Azərbaycan kinosunda qadınları ön plana çıxaran beynəlxalq film festivalı təşəbbüsü və uğurlu fəaliyyətinə görə (mükafat təşkilati heyət adından festivalın meneceri Nəzrin Əsgərovaya təqdim edilib);
Prodüser Sevinc Əliyeva – Azərbaycan kinosunda uğurlu prodüser fəaliyyətinə görə;
“Oyuq” və “Küllücə” teatr-studiyalarının, “Oyun” müstəqil inklüziv teatrının rəhbəri, “Köhnə çamadanlar” bədii tammetrajlı, “Qırxdan sonra” bədii qısametrajlı filmlərin rejissoru Səidə Haqverdiyeva – Azərbaycan kinosunda uğurlu rejissorluq fəaliyyətinə görə;
Azərbaycan Kino Tənqidçiləri və Kinoşünasları Gildiyasının sədr müavini, Kinoyazar.az saytının baş redaktoru Aygün Aslanlı – Azərbaycan kinosunda uğurlu kinotənqidçi fəaliyyətinə görə;
Azərbaycan Kinematoqrafçılar İttifaqı və Gənc Film İstehsalçıları Assosiasiyasının təşkilati dəstəyilə təsis edilən “İzzət” kino mükafatı nəinki Azərbaycanda, ümumilikdə post-sovet məkanı və türk ölkələrində qadınların kino sahəsində fəaliyyətini təşviq edən ilk təşəbbüsdür. Mükafatın beynəlxalq arenada peşəkar kinematoqrafçılara da təqdim olunması üçün artıq Qazaxıstan və Qırğızıstandan əməkdaşlıq təklifləri gəlib. Layihə gələcəkdə Azərbaycan kinosunun qadın seqmentinin inkişafına töhfə vermiş kişi kinematoqrafçıları da mükafatlandırmağı nəzərdə tutur.
Mükafatların təqdimetmə mərasimində fəxri qonaq qismində İzzət Orucovanın yaxın qohumları da iştirak ediblər.






















