Tarixdəki olaylar
28 yanvar 1919 – Erməni-daşnak quldur dəstələri Gəncə quberniyasının Zağalı kəndini (indiki Daşkəsən rayonu ərazisində) yandırıb. Kəndin 15 sakini vəhşicəsinə qətlə yetirilib.
28 yanvar 1986 – ABŞ kosmik tədqiqatlar sahəsində böyük faciə ilə üzləşib. “Çelencer” kosmik gəmisi (çoxdəfəli istifadə olunan) startdan sonra 73-cü saniyədə partlayıb. Gəmidəki 7 astronavtın ölümü Amerika üçün şok oldu. 2003-cü il fevralın 1-də Amerika ikinci belə şok yaşadı: “Columbia” şattlının partlaması nəticəsində yenə 7 astronavt həlak oldu.
28 yanvar 1992 – Qarabağ müharibəsi gedişində erməni silahlı qüvvələri Azərbaycanın dinc əhalisinə ən böyük terror aktlarından birini həyata keçirib. Ağdam-Şuşa marşrutu ilə uçan “Mİ-8” sərnişin vertolyotu Xankəndidən atılmış raketlə vurulub. Vertolyotdakı 47 nəfərin hamısı həlak olub.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
28 yanvar 1908 – Azərbaycanın Əməkdar incəsənət xadimi, bəstəkar Boris İsaakoviç Zeydman (1908 – 1.1.1982) Peterburqda anadan olub. Ü.Hacıbəylinin dəvəti ilə Bakıya gəlib, Azərbaycan Dövlət Konservatoriyasında (indiki BMA) dərs deyib (1940-60). Bakıda “Maskarad”, “Ağıldan bəla” operalarını, “Qızıl açar” baletini yazıb.
28 yanvar 1912 – Amerika rəssamı, abstrakt ekspressionizmin banisi Pol Cekson Pollak (Paul Jackson Pollock; 1912 – 11.8.1956) anadan olub.
28 yanvar 1925 – Şair, dramaturq, tərcüməçi, teatrşünas Adil Qafar oğlu Babayev (1925 – 19.8.1977) Naxçıvanda anadan olub. “Dağlar qızı”, “Qız görüşə tələsir” və s. pyeslərin müəllifidir.
28 yanvar 1930 – Azərbaycanın və Tacikistanın Xalq artisti, müğənni Leyla Rəcəb qızı Şəripova (28.1.1930 – 19.2.2024) Bakıda anadan olub.
28 yanvar 1980 – Azərbaycanda teleradio diktorluq məktəbinin banilərindən biri, diktorlar arasında respublikanın ilk Əməkdar artisti Aydın Çingiz oğlu Qaradağlı (20.8.1929 – 1980) vəfat edib.
28 yanvar 1985 – SSRİ Xalq artisti, görkəmli teatr rejissoru, pedaqoq, sənətşünaslıq doktoru, professor Mehdi Əsədulla oğlu Məmmədov (22.5.1918 – 1985) vəfat edib. Akademik Opera və Balet, Akademik Milli Dram, Rus Dram teatrlarında baş rejissor işləyib.
28 yanvar 2015 – Xalq şairi, dramaturq Vaqif Səmədoğlu (Vaqif Səməd oğlu Vəkilov; 5.6.1939 – 2015) vəfat edib. “Bəxt üzüyü”, “Yayda qartopu oyunu”, “Generalın son əmri” və s. pyeslərin müəllifidir. Milli Məclisi deputatı (2000-2010) olub.
Hazırladı: Vüqar Orxan























