Fevralın 4-də Azərbaycanda hərbi orkestr xidməti və musiqi sənətinin görkəmli nümayəndəsi, general-mayor, professor, Xalq artisti Yusif Axundzadənin 80 illik yubileyi Azərbaycan Dövlət Uşaq Filarmoniyasında qeyd olunacaq.

Bu barədə Uşaq Filarmoniyasından məlumat verilib.

"Musiqiyə xidmət edən ömür" adlı tədbirdə Yusif Axundzadənin zəngin yaradıcılıq yolu, ölkəmizdə hərbi orkestr sənətinin inkişafına və milli musiqi irsimizə verdiyi töhfələri vurğulanacaq, orkestrlərin ifa mədəniyyəti və vətənpərvərlik ruhunun təbliğində mühüm rolu diqqətə çatdırılacaq.

Yubiley tədbirində Hərbi Hava Qüvvələrinin orkestri (dirijor: mayor Marif Səlimov) solo proqramla çıxış edəcək.

Orkestrin ifasında Azərbaycan və dünya bəstəkarlarının seçmə əsərləri təqdim olunacaq.