Tarixdəki olaylar
25 yanvar 1917 – Amerika Birləşmiş Ştatları Danimarka Krallığının müstəmləkəsi olan Vest-İndia adalarını (indiki Virciniya adaları) o vaxtın pulu ilə 25 milyon dollara satın alıb. ABŞ-nin Karib dənizində sahib olduğu adaların ümumi sahəsi 346 kvadrat kilometr idi.
25 yanvar 1924 – Fransanın Şamoni (Chamonix-Mont-Blanc) şəhərində ilk Qış Olimpiya Oyunları başlanıb. 18 idman növü üzrə keçirilən olimpiadaya 16 ölkə qatılıb.
25 yanvar 1949 – Sosialist inkişaf yolu seçmiş ölkələrin iqtisadi birliyi – Qarşılıqlı İqtisadi Yardım Şurası (QİYŞ) yaradılıb. SSRİ, Bolqarıstan, Çexoslovakiya, Polşa, Rumıniya və Macarıstanın yer aldığı təşkilat ABŞ-nin Qərbi Avropanı təsir altına almasına – “Marşall planı”na cavab addımı idi. Sonrakı illərdə Albaniya, ADR və Monqolustan da təşkilata qoşuldu. 1990-cı ildə sosialist düşərgəsi ilə bərabər QİYŞ də dağıldı.
25 yanvar 1988 – Ermənistan SSR-də yaşayan azərbaycanlı əhalinin kütləvi şəkildə deportasiyası başlanıb. Azərbaycanlı qaçqınların ilk dəstəsi respublikamıza pənah gətirib. 1988-1989-cu illərdə ümumilikdə 230 minə yaxın azərbaycanlı indiki Ermənistan ərazisindəki tarixi yurdlarından zorla qovuldu.
25 yanvar 2001 – Azərbaycan Respublikası Avropa Şurasına tamhüquqlu üzv olub. Strasburqda, Avropa Şurasının mənzil-qərargahının qarşısındakı flaqştoka Azərbaycan Dövlət bayrağı qaldırılıb. Prezident Heydər Əliyev mərasimdə iştirak edib və Avropa Şurası Parlament Assambleyasının iclasında nitq söyləyib.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
25 yanvar 1759 – Şotland şairi Robert Börns (Robert Burns; 1759 – 21.7.1796) anadan olub. Şairin şərəfinə 25 yanvar Şotlandiyada milli bayram kimi qeyd olunur.
25 yanvar 1874 – İngilis yazıçısı Vilyam Somerset Moem (William Somerset Maugham; 1874 – 16.12.1965) anadan olub. Əsərləri: “Ehtiraslar yükü”, “Ay və quruş” (romanlar), “Teatr” (povest) və s.
25 yanvar 1887 – Yazıçı, ədəbiyyatşünas, pedaqoq Seyid Hüseyn (Hüseyn Mirkazım oğlu Sadıqzadə; 1887 – 6.1.1938) Bakıda doğulub. Bu gün də bədii təravətini saxlayan maraqlı hekayələrin müəllifidir. Repressiya qurbanı olub.
25 yanvar 1938 – Rus şairi və müəllif mahnılarının ifaçısı, aktyor Vladimir Semyonoviç Vısotski (1938 – 25.7.1980) anadan olub. “Görüş yerini dəyişmək olmaz”, “Tayqanın sahibi” və s. filmlərdə çəkilib.
25 yanvar 1984 – Görkəmli teatr və kino aktyoru, Xalq artisti Məmmədrza İsa oğlu Şeyxzamanov (4.8.1915 – 1984) vəfat edib. Akademik Milli Dram Teatrında, kinoda (“Bir qalanın sirri”, “Nəsimi”, “Əhməd haradadır?”, “Tütək səsi” və s.) yaddaqalan obrazlar yaradıb.
25 yanvar 2024 – Filologiya elmləri doktoru, mətnşünas Paşa Əli oğlu Kərimov (10.2.1959 – 2024) vəfat edib. Əlyazmalar İnstitutunun direktor müavini olub.
Hazırladı: Vüqar Orxan
























