Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında dramaturq və teatr kuratoru İsmayıl İmanın səhnələşdirməsi əsasında hazırlanmış “Karmen. Xosenin hekayəsi” tamaşasının premyerası keçirilib.
Tamaşa iki – gənc və yetkin Xosenin hekayəsi kimi qurulub.
Gənc Xose sevgini azadlıq kimi yaşayır, yetkin Xose isə bir zamanlar etdiyi seçimin əvəzini ödəyərək zamansızlıqda ilişib qalıb. O, dəfələrlə gənc Xose ilə qarşılaşır, onun Karmenlə bağlı hekayəsini necə yaşadığını və danışdığını izləyir.
Bu interpretasiyada Karmen konkret qadın deyil, sevgi fenomenidir – arzu, ana bağlılığı və itki qorxusunun bir-birinə qarışdığı bir obrazdır. Onun yanında daim Şər – insanı qabaqlayan, hadisələri istiqamətləndirən və keçmişi dəyişməyə imkan verməyən bir qüvvə mövcuddur.
Tarixin gedişinə müdaxilə etməyə, labüd gedişatı dayandırmağa və gənc Xoseni əvvəlcədən müəyyən edilmiş taledən xilas etməyə çalışan yetkin Xose həlledici addım atmağa qərar verir.
Tamaşanın quruluşçu rejissoru Tural Mustafayev, quruluşçu rəssamı Mustafa Mustafayev, bəstəkarı Anar Yusifov, xoreoqrafı Kamilla Əliyeva, plastik həll müəllifi Elnur İsmayılzadədir.
Baş rollarda Xalq artisti Fuad Osmanov, Əməkdar artistlər Həcər Ağayeva və Murad Məmmədov çıxış edirlər.
Həmçinin Səidə Vəlibəyova, İlkin Mehtiyev, Fərid Hüseynov, Rəşad Əliyarov, Səma Vəliyeva, Gövhər Şahbanova, Dilarə Nəzərova, Fidan Ağaverdiyeva və Səbinə Asim tamaşada rol alıblar.
***
Bu tamaşanın ideyası 2010-cu ildə yaranıb. Həmin vaxt konsepsiya ilə bağlı ilk müzakirələr başlayıb və aktyor heyəti ilə bağlı qərar verilib. Məsələn, Həcər Ağayevanı mən ilk gündən bu tamaşada görürdüm.
Bunu quruluşçu rejissor Tural Mustafayev deyib.
“Yəqin məhz bu zaman lazım idi ki, İsmayıl İman dramaturq kimi meydana çıxsın. Biz uzun müddət birgə çalışdıq, dostlaşdıq və bir gün ona səhnələşdirmə etməyi təklif etdim. Onun səyləri sayəsində bu gün səhnə versiyamız var”, – deyə o əlavə edib.
Rejissor bildirib ki, biz Prosper Merimenin novellasına münasibətimizi ifadə etməyə çalışdıq: "Şübhəsiz ki, orada Karmen obrazı mühümdür, lakin məni daha çox Xosenin taleyi düşündürür. Bu tamaşada araşdırmamın əsas mövzusu Xosenin Karmenə sevgisinin mahiyyəti oldu. Yəni, nə baş verdi ki, gənc, məqsədyönlü, inanclı bir insan əvvəlki həyatından imtina etdi və mahiyyət etibarilə sosial boşluğa yuvarlandı, quldura və qatilə çevrildi? Biz bu barədə düşündük, mübahisə etdik, cavablar axtardıq”.
Tamaşa üzərində aparılan işlərdən danışan T.Mustafayev prosesin yaradıcı mühitdə və truppanın tam fədakarlığı ilə keçdiyini vurğulayıb: “Gözəl aktyor heyətim var. Onların hər biri bu işə öz töhfəsini verib və bura özlərindən bir parça qoyublar”.
























