Yanvarın 23-də AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının 2026-cı il üçün ilk iclası keçirilib.
Bu barədə institutdan məlumat verilib.
İclasda öncə 1990-cı ilin Qanlı Yanvar qırğını şəhidlərinin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda həlak olan bütün həmvətənlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.
İnstitutun direktoru akademik Teymur Kərimli giriş nitqində 20 Yanvarın hüzn günü olması ilə yanaşı, həm də qəhrəmanlıq, əyilməzlik, şərəf və ləyaqət günü olduğunu diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan xalqının müstəqilliyə qovuşmasında 20 Yanvar şəhidlərinin qəhrəmanlığı heç bir zaman unudulmayacaq.
Çap kitablarının tədqiqi şöbəsinin müdiri tarix elmləri doktoru, dosent Tahirə Həsənzadənin və elmi işlər üzrə direktor müavini, Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Əkrəm Bağırovun mövzu ilə bağlı çıxışları dinlənilib.
Sonra akademik Teymur Kərimli Elmi şura iclasının gündəliyindəki məsələlər barədə məlumat vermək üçün sözü institutun elmi katibi tarix üzrə fəlsəfə doktoru, dosent Aynur Hacıqədirliyə verib.
A.Hacıqədirli 2026-cı il üçün nəzərdə tutulmuş tədbirlər planının, o cümlədən nəşr olunacaq kitabların müzakirəsi və təsdiqi, eyni zamanda kadr, əlyazmaların və kataloqların vəziyyəti ilə bağlı müzakirə olunacaq məsələləri diqqətə çatdırıb.
İnstitutun baş mühafizi filologiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Əhmədova, Əlyazmaların gigiyena və bərpası laboratoriyasının müdiri Zaur Orucov və Elmi xidmət şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Nailə Mustafayeva əlyazmaların və kataloqların vəziyyəti ilə bağlı çıxış edib, mövcud vəziyyətlə bağlı təkliflərini səsləndiriblər.
Şura üzvlərinin müzakirəsindən sonra tədbirlər və nəşriyyat planı təsdiqlənib.























