Audiovizual Şura aparatının Audiovizual proqramların monitorinqi və təhlili şöbəsi tərəfindən 2025-ci il ərzində ümumölkə yerüstü televiziya kanallarında yayımlanmış proqramların məzmun və janr bölgüsünə dair statistikası hazırlanıb.
Audiovizual Şuradan verilən məlumata görə, statistikada ötən il açıq ümumölkə yerüstü televiziya yayımında efirdə olmuş proqramların ən böyük hissəsini informasiya və analitik proqramlar təşkil edib. Bu kateqoriya ümumi yayımın 23,47 faizini əhatə edib.
İkinci yerdə musiqi və əyləncəli proqramlar qərarlaşıb ki, onların payı 16,33 faiz olub. İdman proqramları isə efir vaxtının 15,90 faizini təşkil edib.
Bədii filmlər və seriallar ümumi yayımın 13,45 faiz payına malik olub. Reklam məzmunlu materiallar 10,90 faiz, mədəni-maarif janrında proqramlar isə 8,04 faiz təşkil edib.
Bundan başqa, anonslar və elanlar efirin 3,82 faiz, sosial yönümlü proqramlar 2,93 faiz, sənədli filmlər və materiallar isə 2,89 faiz payını əhatə edib.
Statistikada sosial çarxların payı 1,17 faiz, uşaq proqramları və cizgi filmlərinin payı isə 1,10 faiz olaraq göstərilib.



















