Son illərdə süni intellekt texnologiyalarının sürətli inkişafı ali təhsil sistemində də köklü dəyişikliklərə yol açıb. Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) bu texnologiyaların tədris prosesinə inteqrasiyası mərhələli şəkildə həyata keçirilir və artıq ilkin nəticələr özünü göstərməkdədir.
AzMİU-nun PR və media şöbəsinin rəhbəri Nicat Abdullayev bildirib ki, süni intellektin tədrisdə tətbiqi, ilk növbədə, fərdiləşdirilmiş öyrənmə imkanlarını genişləndirir: “Tələbələrin bilik səviyyəsinin, maraq dairəsinin və öyrənmə sürətinin analiz edilməsi əsasında tədris materiallarının uyğunlaşdırılması müəllim–tələbə münasibətlərində yeni keyfiyyət mərhələsi yaradır. Bu isə xüsusilə memarlıq, dizayn, inşaat mühəndisliyi və rəqəmsal texnologiyalar kimi sahələrdə praktiki bacarıqların formalaşmasına ciddi töhfə verir”.
Onun sözlərinə görə, AzMİU-da süni intellekt alətlərindən layihələndirmə proseslərində, modelləşdirmə və simulyasiya işlərində, eləcə də tədqiqat fəaliyyətinin optimallaşdırılmasında istifadə imkanları genişlənir: “Bu texnologiyalar tələbələrə yalnız hazır bilikləri vermir, eyni zamanda, analitik düşünmə, problem həll etmə və innovativ yanaşma bacarıqlarını inkişaf etdirir. Müəllimlər üçün isə süni intellekt tədris yükünün rasional bölüşdürülməsi, qiymətləndirmə prosesinin təkmilləşdirilməsi və akademik nəticələrin daha obyektiv təhlili baxımından mühüm alətə çevrilir”.
N.Abdullayev qeyd edib ki, gələcəkdə süni intellekt AzMİU-nun beynəlxalq ali təhsil məkanına inteqrasiyasını sürətləndirən əsas faktorlardan biri olacaq. Rəqəmsal kampus modelləri, ağıllı laboratoriyalar, elmi tədqiqatlarda böyük verilənlərin analizi universitetin elmi və tədris potensialını daha da gücləndirəcək. Eyni zamanda, əmək bazarının tələblərinə uyğun, texnoloji düşüncəyə malik mütəxəssislərin hazırlanması mümkün olacaq.
“Vacib məqam ondan ibarətdir ki, süni intellekt AzMİU-da insan faktorunu əvəz edən deyil, onu tamamlayan və gücləndirən vasitə kimi dəyərləndirilir. Əsas məqsəd klassik akademik dəyərləri qorumaqla müasir texnologiyaların imkanlarından səmərəli istifadə etməkdir. Bu yanaşma universitetin strateji inkişaf xəttinə uyğun olaraq dayanıqlı, innovativ və rəqabətqabiliyyətli təhsil mühitinin formalaşmasına xidmət edir”, - deyə o vurğulayıb.



















