Yanvarın 22-də Azərbaycan Milli İncəsənət Muzeyində “Zamanın rənglə yazılan yaddaşı: Mirzə Qədim İrəvani” adlı mühazirə təşkil olunub.
Bu barədə muzeydən məlumat verilib.
Mühazirə Milli İncəsənət Muzeyinin elmi-tədqiqat üzrə direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru, “Mirzə Qədim İrəvani. Zamanların qovşağında” kitabının həmmüəllifi Aytən Əhmədova tərəfindən təqdim olunub.
O, XIX əsr Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi Mirzə Qədim İrəvaninin (1825–1875) həyat və yaradıcılıq yolu, formalaşdığı tarixi-mədəni mühit və sənət üslubunun əsas xüsusiyyətləri haqqında bəhs edib. Mühazirə zamanı kitab üzərində aparılmış tədqiqatların nəticələri əsasında rəssamın əsərlərinin tarixi konteksti, bədii-estetik məziyyətləri və simvolik məna qatları ətraflı şərh olunub.
Sərgi zalında təşkil olunan mühazirə dinləyicilərə Mirzə Qədim İrəvaninin müəllifi olduğu unikal əsərlər müstəvisində onun yaradıcılığına daha dərindən nəzər salmaq imkanı yaradıb.
Maraqla qarşılanan mühazirənin sonunda filologiya üzrə elmlər doktoru, professor, Mirzə Qədim İrəvani irsi üzrə dəyərli araşdırmalar aparmış Əsgər Zeynalov çıxış edərək sənətkarın şəxsiyyəti və yaradıcılığı barədə fikirlərini bölüşüb.
Əsgər Zeynalov müəllifi olduğu “İrəvan ziyalıları” kitabını muzeyə hədiyyə edib.
























