Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin 14 yanvar 2026-cı il tarixli Sərəncamı ilə “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası” təsdiq edilib. Yanvarın 22-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyinin tabe qurumlarının iştirakı ilə Mədəniyyət Konsepsiyasının təqdimatına həsr olunan genişləndirilmiş iclas keçirilib.

Tədbirdə mədəniyyət naziri Adil Kərimli çıxış edərək Mədəniyyət Konsepsiyasının məqsədləri və qarşıda duran vəzifələr barədə qısa söhbət açıb. Mədəniyyət Nazirliyinin bu istiqamətdə vəzifələri və həyata keçirilməli olan layihələr barədə qurumlara tapşırıqlar verilib. 

Sonra konsepsiya sənədi ilə bağlı xüsusi hazırlanmış videoçarx nümayiş etdirilib. Mədəniyyət Konsepsiyasını hazırlayan İşçi qrupunun üzvü, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Biznes hüququ komitəsinin sədri Nazlı Əhmədova sənədlə bağlı geniş təqdimat edib. Təqdimatda Mədəniyyət Konsepsiyasının məqsəd və istiqamətləri, icra mərhələləri və s. haqqında ətraflı məlumat verilib.

İclasda akademiklər – Milli Məclisin sədr müavini Rafael Hüseynov, Azərbaycanda Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru Nailə Vəlixanlı, eləcə də Milli Kitabxananın direktoru professor Kərim Tahirov, Xalq artisti Nurəddin Mehdixanlı, Dövlət Film Fondunun direktoru Əməkdar incəsənət xadimi Cəmil Quliyev və Azərbaycan Yazıçılar Birliyinin katibi Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi çıxış edərək Mədəniyyət Konsepsiyası ilə bağlı fikirlərini bölüşüblər.

Çıxışlarda yeni konsepsiyanın əhəmiyyəti yüksək qiymətləndirilib, mədəniyyətimizin gələcək inkişafı ilə bağlı ilk fundamental sənəd olduğu vurğulanıb. Sənəddə qeyd olunan əsas istiqamətlərlə bağlı müzakirələrin keçirilməsi ilə bağlı təkliflər səsləndirilib.

“Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası ilə burada tanış olmaq olar.