21 yanvar – 3 fevral tarixlərində 57-ci Qahirə Beynəlxalq Kitab Sərgisi keçirilir. 83 ölkənin təmsil olunduğu sərgidə Azərbaycanın da stendi var.
Ölkəmizin stendi Misirdəki səfirliyimizin dəstəyi ilə təşkil edilib. Bu barədə səfirlik məlumat yayıb.
Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov, səfirliyin əməkdaşları sərginin açılışında iştirak ediblər.
Milli stendimizi Misirin və Rumıniyanın mədəniyyət nazirləri, eləcə də digər mədəniyyət xadimləri ziyarət ediblər. Onlara ölkəmizin tarixi, mədəniyyəti ilə bağlı geniş məlumat verilib. Stenddə nümayiş olunan kitablar sonda kitab həvəskarlarına hədiyyə olunacaq.
“Bir saat mütaliədən qalan bir əsr geri qalar” devizi altında keçirilən builki sərgi çərçivəsində mədəni tədbirlərin, o cümlədən simpoziumların, uşaqlara həsr olunmuş təqdimatların keçirilməsi planlaşdırılır.
Rumıniya tədbirdə fəxri qonaq qismində çıxış edir. Misir yazıçısı Nəcib Məhfuz sərginin və misirli rəssam Muhyiddin əl-Ləbbad isə uşaq kitabları sərgisinin simaları seçiliblər.
Qeyd edək ki, 1969-cu ildən keçirilən Qahirə sərgisi Yaxın Şərqin ən böyük kitab sərgilərindəndir.





















