“Kinematoqrafiya haqqında” Azərbaycan Respublikasının Qanununa bir sıra dəyişikliklər təklif edilir.
Müvafiq qanun layihəsi yanvarın 19-da Milli Məclisin Mədəniyyət komitəsinin iclasınfa müzakirə olunub.
İclasda mədəniyyət nazirinin müavini Səadət Yusifova, Kino Agentliyinin baş direktoru Rəşad Əzizov da iştirak ediblər.
Qanun layihəsi ölkəmizdə kino istehsalı sahəsində hüquqi tənzimləmənin müasir beynəlxalq təcrübəyə uyğunlaşdırılması, anlayışların dəqiqləşdirilməsi, dövlət dəstəyinin institusional mexanizmlərinin genişləndirilməsi və kino industriyası üçün investisiya cəlbediciliyinin artırılmasına xidmət edir.
Sənəd layihəsində sahə üzrə anlayışların genişləndirilməsi və dəqiqləşdirilməsi nəzərdə tutulub. Qanunun 1-ci maddəsinə “milli film”, “xarici film”, “birgə istehsal filmi”, “film istehsalı”, eləcə də film istehsalının mərhələlərini (hazırlıq, çəkiliş, tamamlanma) əhatə edən anlayışlar əlavə edilir. Layihədə həmçinin “yerli prodüser” və “xarici prodüser” anlayışları ayrıca müəyyən edilib.
Qeyd olunan dəyişiklik hüquqi münasibətlərdə subyektlərin statusunu dəqiqləşdirəcək, dövlət dəstəyi və təşviq mexanizmlərinin tətbiqi zamanı şəffaflığı artıracaq. Eyni zamanda, qanunda istifadə edilmiş “müştərək çəkilmiş film” anlayışının “birgə istehsal edilmiş film” anlayışı ilə əvəz edilməsi beynəlxalq hüquqi terminologiya ilə uyğunluq yaradır və normativ-hüquqi aktın dil və üslub baxımından təkmilləşdirilməsinə səbəb olur.
Qanunun 3-cü maddəsinə edilən dəyişikliklə xarici prodüserlərin Azərbaycan ərazisində film istehsalına cəlb edilməsi dövlət siyasətinin ayrıca istiqaməti kimi təsbit olunur. Bu, ölkənin beynəlxalq kino bazarına inteqrasiyasına və mədəni diplomatiyanın inkişafına xidmət edir.
Qanunun 13-cü maddəsinə əlavə edilən müddəalarla xarici və birgə istehsal filmləri üzrə çəkilmiş xərclərin qismən geri ödənilməsi əks olunur. Bu mexanizm bir çox ölkələrdə uğurla tətbiq olunan maliyyə təşviqi vasitəsi olmaqla, xarici investisiyaların cəlb edilməsinə, yerli xidmət sektorunun inkişafına və yeni iş yerlərinin yaradılmasına müsbət təsir göstərir.
Beləliklə, qanun layihənin qəbul edilməsi nəticəsində Azərbaycanda kinematoqrafiya sahəsində hüquqi tənzimləmə təkmilləşdiriləcək. Bu beynəlxalq və birgə istehsal layihələrinin sayının artmasına, ölkənin kino sənayesinə xarici maliyyənin cəlbinə imkan yaradacaq. Eyni zamanda, dövlət və özəl sektor arasında əməkdaşlıq imkanları da genişlənəcək.
Müzakirələrdə çıxış edən deputatlar qanun layihəsi ilə bağlı fikirlərini söyləyiblər, təkliflər irəli sürüblər.
Mədəniyyət nazirinin müavini Səadət Yusifova, Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev, Kino Agentliyinin baş direktoru Rəşad Əzizov deputatların suallarını cavablandırıblar.
Səadət Yusifova kinematoqrafiya sahəsində ölkəmizdə görülən işlərdən, aparılan islahatlardan danışıb.
Qanun layihəsi Milli Məclisin fevralın 1-də başlanacaq yaz sessiyasında 1-ci oxunuşda müzakirəyə çıxarılacaq.





















