Tarixdəki olaylar

 

19 yanvar 1981 – Tehranda girov saxlanılan amerikalıların azad olunması barədə İran və ABŞ arasında razılaşma imzalanıb. 1981-ci il yanvarın 20-də, Prezident Ronald Reyqanın inauqurasiya günü Tehranda saxlanılan amerikalılar 14 aylıq girovluqdan sonra azad ediliblər. 1979-cu il noyabrın 4-də İranın “İslam inqilab qvardiyası”nın üzvləri (əsasən gənclər) ABŞ-nin Tehrandakı Səfirliyinə hücum edərək 53 diplomatı girov götürmüşdülər.

 

19 yanvar 1993 – Azərbaycan Parlamenti “Dövlət gerbi haqqında” Konstitusiya qanunu qəbul edib. Cümhuriyyət dövründə Dövlət gerbi haqqında müsabiqə elan edilsə də (yanvar 1920), onu başa çatdırmaq mümkün olmamışdı. 1991-ci ildə Ali Sovetin qərarı ilə yeni müsabiqə elan olundu və Cümhuriyyət dövründə hazırlanmış layihələrdən biri kiçik dəyişikliklərlə təsdiq edildi. Dövlət gerbi palıd budaqlarından və sünbüllərdən ibarət qövsün üzərində yerləşən qalxan təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycanın Dövlət bayrağının rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsviri var.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

19 yanvar 1809 – Amerika yazıçısı və şairi Edqar Po (Edgar Allan Poe; 1809 – 7.10.1849) anadan olub. Ədəbiyyatda detektiv-fantastik janrın yaradıcısı sayılır. Bir çox hekayə və novellaları (“Morq küçəsində qətl”, “Mari Rojenin sirri”, “Qara pişik”, “Qarğa” və s.) əsasında filmlər çəkilib.

 

19 yanvar 1839 – Fransız postimpressionist rəssamı Pol Sezan (Paul Cezanne; 1839 – 22.10.1906) anadan olub.

 

19 yanvar 1865 – Rus rəssamı, portret janrının ustası Valentin Aleksandroviç Serov (1865 – 5.12.1911) anadan olub.

 

19 yanvar 1873 – Azərbaycanın ilk maarifçi qadınlarından Həmidə xanım Əhmədbəy qızı Məmmədquluzadə-Cavanşir (1873 – 6.2.1955) Ağcabədi rayonunun Kəhrizli kəndində anadan olub. Qafqaz Müsəlman Qadınları Xeyriyyə Cəmiyyətinin yaradıcılarındandır. Ömür-gün yoldaşı C.Məmmədquluzadənin bioqrafiyasını yazıb, Azərbaycan yazıçılarının əsərlərini ruscaya tərcümə edib.

 

19 yanvar 1923 – Əməkdar incəsənət xadimi, rəssam Cavad Mirhaşım oğlu Mircavadov (1923 – 24.6.1992) Bakıda anadan olub. Əsərlərində şifahi xalq ədəbiyyatı personajlarına geniş yer verib. Əsərləri: “Şərq miniatürü mövzusunda improvizasiya” silsiləsi, “Toy”, “Şaman-qadın” və s.

 

Hazırladı: Vüqar Orxan