Yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıdakı Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.

Dövlətimizin başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

***

20 Yanvar hadisələri Azərbaycan xalqının tarixinə həm faciəli, kədərli, həm də qəhrəmanlıq, rəşadət səhifəsi kimi daxil olub, müstəqillik, azadlıq uğrunda mübarizənin və yenilməz iradənin rəmzinə çevrilib. Vətəninin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən üstün tutan Azərbaycanın mərd övladları 36 il əvvəl o qanlı gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.

Həmin gün Azərbaycan xalqı öz azadlığı uğrunda ilk şəhidlərini verdi. Bu yolda həyatlarını qurban verən Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə tarixi səhifə yazdılar. Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından uzun illər keçməsinə baxmayaraq, xalqımız o dəhşətli günlərin ağrı-acısını unutmur.

Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçənlərin ruhları bu gün şaddır. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı erməni işğalından azad edib. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası bütün şəhidlərimizin, o cümlədən 20 Yanvar faciəsi qurbanlarının qanının yerdə qalmadığını sübut edir.