Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib. Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri, Yer Elmləri Bölməsinin elmi müəssisələrinin direktorları, Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) və Şəki Regional Elmi Mərkəzinin rəhbərləri iştirak ediblər.
AMEA-dan verilən məlumata görə, əvvəlcə Yer Elmləri Bölməsinin (YEB), AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) və Şəki Regional Elmi Mərkəzinin (Şəki REM) 2025-ci il ərzində əldə etdiyi nailiyyətləri, nəşr olunan elmi əsər və kitabları əks etdirən sərgiyə baxış olub.
İclası giriş sözü ilə akademik İsa Həbibbəyli açaraq diqqətə çatdırıb ki, AMEA-nın elmi bölmələrinin 2025-ci ildəki fəaliyyətlərinə dair hesabatlara başlanılır və qarşıdakı günlərdə ümumilikdə 6 bölmənin, eləcə də regional bölmə və elmi mərkəzlərinin hesabatları təqdim olunacaq.
Akademiyada aparılan struktur islahatları barədə danışan İsa Həbibbəyli bunu dövrün çağırışlarının tələb etdiyini bildirib, ötən müddət ərzində AMEA-da mövcud ştat vahidləri və daxili imkanlar hesabına 30-a yaxın yeni şöbənin yaradıldığını söyləyib.
AMEA-nın vitse-prezidenti, Yer Elmləri Bölməsinin Elmi şurasının sədri akademik İbrahim Quliyev bölmənin 2025-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatını təqdim edib. Qeyd edib ki, 2025-ci ildə Yer Elmləri Bölməsinin əhatə dairəsində olan elmi müəssisələrdə 15 problemi əhatə edən 44 mövzu, 56 elmi tədqiqat işi, 15 mərhələ üzrə elmi tədqiqat işi yerinə yetirilmiş, 11 mövzu, 20 elmi-tədqiqat işi və 7 mərhələ başa çatdırılıb. Hesabat ilində YEB-in əhatə dairəsində olan elmi müəssisələrdə 40-dan çox mühüm nəticə alınəıb, təsərrüfat müqaviləsi əsasında 43 elmi-tətbiqi iş yerinə yetirilib.
Məruzəçi qeyd edib ki, beynəlxalq Scimago elmi reytinqində müvafiq göstəricilərə əsasən, Azərbaycan Yer elmləri həm dünya üzrə, həm də aid edildiyi Şərqi Avropa ölkələri qrupunda mövqelərinin dinamik yüksəlişi son beş il ərzində davamlı və stabildir. Azərbaycanın geofizika elmi 2024-cü ilin yekunlarına görə 200-ə yaxın ölkə arasında 36-cı, geomühəndislik elmi 41-ci, geologiya elmi 47-ci mövqedədir.
Bölmənin elmi müəssisələrinin nəşr fəaliyyəti barədə məlumat verən akademik İbrahim Quliyev hesabat ilində Yer Elmləri Bölməsinin əhatə dairəsində olan elmi müəssisələrdə 9 monoqrafiya (1-i xaricdə), 16 kitab və 6 dərslik, 264 məqalə (188-i xaricdə), 117 tezisin (78-i xaricdə) nəşr edildiyini, onlardan 115-nin “Web of Science” və “Scopus” bazasında olan impakt faktorlu jurnallarda işıq üzü gördüyünü diqqətə çatdırıb.
RSXM-nin baş direktoru AMEA-nın müxbir üzvü Qurban Yetirmişli 2025-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyət haqqında hesabatı təqdim edib. Bildirib ki, 2025-ci ildə AMEA nəzdində RSXM-də 3 problemi əhatə edən 5 mövzu, 13 elmi-tədqiqat işi yerinə yetirilib. Mərkəzin əməkdaşları 4 (beynəlxalq və yerli) qrant layihələrində iştirak ediblər.
Hesabat ilində AMEA nəzdində RSXM-də 47 məqalə (12-si xaricdə), 19 tezis (12-si xaricdə) nəşr edilib. Nəşr edilən məqalələrdən 9-u Web of Science və Scopus bazasında olan impakt faktorlu jurnallarda işıq üzü görüb.
Şəki REM-in 2025-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı da dinlənilib. Mərkəzin direktoru fizika üzrə fəlsəfə doktoru Yusif Şükürlü bildirib ki, hesabat ilində Şəki REM-də 6 yeni prioritet istiqamətdə, 11 mövzu üzrə 19 elmi-tədqiqat işi yerinə yetirilib, 25 mühüm nəticə əldə olunub.
İclasda təqdim olunan hesabatlar ətrafında akademik Rasim Əliquliyev, AMEA-nın müxbir üzvü Rauf Qardaşov, professor Rza Mahmudov, coğrafiya elmləri doktorları Zaur İmrani, Səid Səfərov, texnika üzrə fəlsəfə doktoru, dosent Rauf Muradov, Sadıx Nəbiyev və başqaları çıxış edərək əldə olunan mühüm nəticələrlə bağlı fikirlərini bildiriblər.
Daha sonra çıxış edən akademik İsa Həbibbəyli Yer Elmləri Bölməsinin, Respublika Seysmoloji Xidmət Mərkəzinin və Şəki Regional Elmi Mərkəzinin 2025-ci il üzrə fəaliyyətini yüksək qiymətləndirib, onların qarşısında duran vəzifələri diqqətə çatdırıb.
Müzakirələrdən sonra AMEA Rəyasət Heyətinin qərarı ilə Yer Elmləri Bölməsinin, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin və Şəki REM-in 2025-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatları təsdiq edilib.























