Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Mədəniyyət Nazirliyinin dəstəyi ilə beynəlxalq əlaqələrini genişləndirir.

Bu günlərdə İstanbul şəhərində Akademik Milli Dram Teatrı ilə İstanbul Böyükşəhər Bələdiyyəsi Şəhər Teatrları (İBB Şəhər Teatrları) arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənədə Akademik Milli Dram Teatrının direktoru Əməkdar mədəniyyət işçisi İlham Əsgərov və İBB Şəhər Teatrlarının direktoru Ayşəgül İşsevər imza atıblar.

Bundan əlavə, Akademik Milli Dram Teatrın direktoru İlham Əsgərov Almatı şəhərinə səfəri zamanı Muxtar Auezov adına Qazaxıstan Dövlət Akademik Milli Dram Teatrının direktoru Erkin Juasbek ilə əməkdaşlıq haqqında memorandum imzalayıb.

Bu barədə Akademik Milli Dram Teatrından məlumat verilib.

Teatr rəhbərləri imzalanan memorandumları yeni əlaqələr üçün vacib addım kimi dəyərləndiriblər. Memorandumlarda  səmərəli əməkdaşlıq, klassik və müasir dramaturgiyanın dəyərli nümunələrinin, tamaşaların yaradıcı kollektivlərinin, teatr sahəsində çalışan ayrı-ayrı peşə nümayəndələrinin – rejissor, aktyor, səhnə tərtibatçısı və kostyum ustalarının ikitərəfli mübadiləsi, forum və ustad dərslərinin keçirilməsini nəzərdə tutub.

Diqqətə çatdırılıb ki, müxtəlif ölkələrin teatrları ilə əlaqələr istiqamətində atılan addımlar Akademik Milli Dram Teatrının prioritet istiqaməti kimi müəyyən olunub. Ötən dövrdə Gürcüstanın Şota Rustaveli adına Milli Teatrı, Belarusun Yanka Kupala adına Milli Akademik Teatrı, T.Abdumomunov adına Qırğızıstan Milli Akademik Dram Teatrı, Rusiyanın Aleksandrinski Teatrı (Sankt Peterburq), Çinin Qansu Milli Dram Teatrı ilə memorandumlar imzalanıb.

İlham Əsgərov Ayşəgül İşsevəri və Erkin Juasbeki 10 mart – Milli Teatr Günü münasibətilə Akademik Milli Dram Teatrında  Türk dünyasının milli teatr rəhbərlərinin iştirakı ilə təşkil olunacaq təntənəli tədbirə dəvət edib. Qeyd olunub ki, həmin gün teatrda Türk dünyasının böyük fatehlərindən Əmir Teymur haqqında yeni səhnə əsərinin – "LƏNG: zamanla yarışan hökmdar" adlı tamaşanın premyerası da olacaq.

Qeyd edək ki, İstanbul Böyükşəhər Bələdiyyəsi Şəhər Teatrları 1914-cü ildə, Muxtar Auezov adına Qazaxıstan Dövlət Akademik Milli Dram Teatrı isə 1925-ci ildə yaradılıb.

İstanbul Şəhər Teatrlarının 800 nəfərdən çox əməkdaşı, o cümlədən 300 nəfərlik aktyor truppası, İstanbul üzrə 13 səhnəsi var. 

İstanbula səfəri çərçivəsində İlham Əsgərov Azərbaycanın bu şəhərdəki baş konsulu Nərminə Mustafayeva ilə də görüşüb. N.Mustafayeva Akademik Milli Dram Teatrının beynəlxalq əlaqələr istiqamətində addımlarını yüksək dəyərləndirib, gələcəkdə Türkiyənin digər teatrları ilə əməkdaşlığın qurulmasına dəstək verəcəyini diqqətə çatdırıb.