Prezident İlham Əliyev yanvarın 14-də “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
Konsepsiya Azərbaycan Respublikasında milli-mənəvi dəyərlərin qorunmasını təmin edən müasir mədəniyyət modelinin yaradılması, mədəniyyət sahəsində sistemli və dayanıqlı inkişafın təmin olunması məqsədilə hazırlanıb.
Sərəncamda Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə Konsepsiyada nəzərdə tutulan tədbirlərin əlaqələndirilməsini həyata keçirmək, Konsepsiyada nəzərdə tutulan tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.
Konsepsiyada nəzərdə tutulan tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Mədəniyyət Nazirliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək.
***
Qeyd edək ki, bundan öncəki “Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası” 2014-cü ildə təsdiq edilmişdi.
Dövlət başçısının bununla bağlı sərəncamında Konsepsiyanın Azərbaycan mədəniyyətinin inkişafını, daxili və xarici təhdidlərdən qorunmasını, dünya mədəniyyətinə uğurlu inteqrasiyasını, mədəniyyət sahəsində insan və vətəndaş hüquq və azadlıqlarını təmin etmək məqsədi ilə hazırlandığı diqqətə çatdırılmışdı.
Konsepsiyanın icrasını əlaqələndirmək Mədəniyyət və Turizm Nazirliyinə (2018-ci ildən Mədəniyyət Nazirliyi), icrasının gedişi barədə illik hesabatı təqdim etmək isə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırlmışdı.
***
“Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü və 32-ci bəndlərini rəhbər tutaraq, Azərbaycan Respublikasında milli-mənəvi dəyərlərin qorunmasını təmin edən müasir mədəniyyət modelinin yaradılması, mədəniyyət sahəsində sistemli və dayanıqlı inkişafın təmin olunması məqsədilə qərara alıram:
1. “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası” (bundan sonra – Konsepsiya) təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi:
2.1. Konsepsiyada nəzərdə tutulan tədbirlərin əlaqələndirilməsini həyata keçirsin;
2.2. Konsepsiyada nəzərdə tutulan tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
3. Konsepsiyada nəzərdə tutulan tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 yanvar 2026-cı il



















