Beynəlxalq Muğam Mərkəzində (BMM) tanınmış klarnet ifaçısı Hakim Abdullayevin 65 illik yubileyi qeyd edilib.

Bu barədə BMM-dən məlumat verilib.

Yanvarın 9-da keçirilən tədbirdə yubilyarın sənət dostları geniş konsert proqramı ilə ona öz musiqi sovqatlarını hədiyyə ediblər.

İlk olaraq sənətkara BMM-nin rəhbərliyi adından təbrik məktubu və gül dəstəsi təqdim olunub.

Yubiley gecəsində çıxış edən Xalq artisti, professor Ağaverdi Paşayev, Xalq artisti Ağacəbrayıl Abasəliyev, sənətşünaslıq üzrə fəlsəfə doktorları Əhsən Rəhmanlı, Aydın Əliyev, Əməkdar artist Akif Qürbətov, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının instrumental ansamblının rəhbəri Mirxalid Salayev sənətkarın ifa xüsusiyyətlərindən söz açıblar.

Çıxışlarda bildirilib ki, Hakim Abdullayev mahir və yeniliklərə imza atan sənətkar kimi tanınır. O həm balaban, həm də klarnet alətlərində ecazkar ifası ilə musiqisevərlərin zövqünü oxşayır. Hakim Abdullayev uzun illərdir ki, Azərbaycan Dövlət Akademik Filarmoniyası və Dövlət Mahnı Teatrının solisti kimi səmərəli fəaliyyətini davam etdirir, həm solo ifaçı olaraq, həm də müşayiətçi kimi sevilib-seçilir.

Yubiley tədbiri Dövlət Mahnı Teatrının ansamblının müşayiəti ilə instrumental ifaçılar və xanəndələrin, Xalq artisti Ənvər Sadıqovun rəhbərliyi ilə “Qaytağı” ansamblının rəngarəng musiqi nömrələri ilə davam edib.

Sonda yubilyar tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib.