Masallı Tarix-Diyarşünaslıq Muzeyi rayonun dünənini və bu gününü əks etdirən, zəngin maddi və qeyri-maddi mədəni irsini qoruyub saxlayan mədəniyyət ocağıdır. Muzeyin fondundakı eksponatlar vasitəsilə ziyarətçilər eramızdan əvvəl IV minilliyə qədər uzanan tariximizlə tanış ola bilirlər.
Masallıda ən çox ziyarət edilən bu mədəniyyət müəssisəsinin əsası 1963-cü ildə rayonun Hişkədərə kəndində qoyulub. Muzeyin yaradıcısı kənd sakini, Əməkdar müəllim Rəhim Tağıyev olub. Artıq on ildir ki, muzey fəaliyyətini müasir binada davam etdirir.
Muzeyin direktoru Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyevanın sözlərinə görə, mədəniyyət ocağı rayonun tarix salnaməsidir: “Masallı Tarix-Diyarşünaslıq Muzeyi təkcə eksponatların nümayiş olunduğu məkan deyil, eyni zamanda, rayonumuzun yaddaşıdır. Burada qorunan hər bir əşya, hər bir sənəd Masallının keçdiyi tarixi yolun şahididir. Hazırda muzey Prezident İlham Əliyevin müvafiq sərəncamı əsasında tikilmiş binada fəaliyyət göstərir. Bina 2016-cı ildə istifadəyə verilib və həmin il Hişkədərə kəndində yerləşən köhnə muzeydəki eksponatlar yeni binaya köçürülüb".
Əntiqə Tağıyeva qeyd edib ki, müasir muzey binasının istifadəyə verilməsi bizə fondun qorunması, eksponatların daha sistemli nümayişi və ziyarətçilərlə iş baxımından geniş imkanlar yaradıb. Muzey həm yerli sakinlər, həm də bölgəyə gələn turistlər üçün maraqlı məkana çevrilib.
Muzeyin fondu və kolleksiyaları 9 əsas bölmədən ibarətdir: bunlar tarix, arxeologiya, etnoqrafiya, numizmatika, nəqqaşlıq, qrafika, heykəltaraşlıq, tətbiqi incəsənət, fotoşəkillər və sənədlər bölmələridir. Qədim məişət əşyalarının əhəmiyyətli hissəsi yerli əhalinin şəxsi kolleksiyalarından və evlərindən toplanaraq muzey fonduna daxil edilib.
Direktorun sözlərinə görə, fondun zənginləşdirilməsi daim diqqət mərkəzində saxlanılır: “Hazırda muzeyimizin əsas fondunda 9 min 779 eksponat mühafizə olunur. Təkcə 2025-ci ildə 319 yeni eksponat toplanaraq fonda daxil edilib. Bu işlər Masallının tarixinin daha dərindən araşdırılmasına və elmi əsaslarla qorunmasına xidmət edir”.
Yeni daxil olan eksponatlar arasında arxeoloji baxımdan böyük əhəmiyyət daşıyan küp qəbirlər xüsusi yer tutur. Muzey fonduna daxil edilən üç küp qəbir və onların içərisində, eləcə də ətrafında aşkar olunan maddi-mədəniyyət nümunələri bölgənin antik dövrdə və erkən orta əsrlərin ilk mərhələsində zəngin tarixi-mədəni mühitə malik olduğunu göstərir: "Bu tapıntılar bir daha sübut edir ki, Masallı ərazisi minilliklər boyu yaşayış və mədəniyyət mərkəzi olub. Milli Elmlər Akademiyasının arxeoloqları bu abidələrin üzə çıxarılmasında və elmi cəhətdən tədqiqində böyük əmək sərf ediblər. Onların araşdırmalarından sonra tapıntılar qanunvericiliyə uyğun şəkildə muzeyimizin fonduna təqdim olunub".
Hazırda muzeyin daimi ekspozisiyasında 800-ə yaxın eksponat nümayiş olunur. 2025-ci ildə muzeydaxili və muzeydənkənar sərgilər çərçivəsində 2 mindən artıq eksponat ictimaiyyətə təqdim edilib. Muzeydə məktəblilər və gənclər üçün açıq dərslər, maarifləndirici tədbirlər, eləcə də Zəfər tarixinə həsr olunmuş görüşlər təşkil olunur.
Əntiqə Tağıyeva muzeyin maarifləndirici roluna da toxunub: “Bizim əsas məqsədimiz gənc nəslə tariximizi sevdirmək, milli-mənəvi dəyərlərimizi aşılamaqdır. Üzərimizə düşən məsuliyyəti dərk edir və bu istiqamətdə fəaliyyətimizi davam etdiririk”.


























