14 yanvar Azərbaycanın müstəqillik və diplomatik münasibətlər tarixində əlamətdar günlərdən biridir. 34 il öncə bu gün, 1992-ci il yanvarın 14-də Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında diplomatik əlaqələrin qurulmasına dair protokol imzalanıb. Bu, müstəqil Azərbaycan adına beynəlxalq müstəvidə diplomatik münasibətlərə dair imza atılan ilk sənəd idi...
Azərbaycan və Türkiyə bu əlamətdar tarixə 70 ildən artıq zaman kəsiyindən keçərək, 1918-ci ildə şəhidlərimizin qanı ilə yazılmış qardaşlıq münasibətlərini milli yaddaşda yaşadaraq gəlib çıxmışdı.
Təsadüfi deyildi ki, XX əsrin sonlarında da Azərbaycanın bərpa etdiyi müstəqilliyini ilk tanıyan Türkiyə Cümhuriyyəti oldu. 1991-ci il noyabrın 9-da Türkiyə Hökumətinin iclasında bu barədə qərar qəbul olunanda ölkəmizin müstəqilliyinin bərpasından (18 oktyabr) 22 gün keçmişdi və Azərbaycan xalqı, təbii ki, milli istiqlalına dəstəyin öncə Türkiyədən gələcəyini gözləyirdi.
Qeyd etmək lazımdır ki, Türkiyənin hələ SSRİ-nin de-yure mövcud olduğu bir şəraitdə Azərbaycanın dövlət müstəqilliyini tanıması o dövr üçün cəsarətli addım idi. Təkcə ona görə yox ki, hələ SSRİ formal şəkildə mövcud idi və Moskva (SSRİ XİN) Ankaranın bu niyyətinə etiraz notası vermişdi. Həm də ona görə ki, Türkiyənin təşəbbüsü onun NATO-dakı əsas tərəfdaşı olan ABŞ tərəfindən də təqdir edilməmişdi. O ərəfədə ABŞ-nin Ankaradakı böyükelçisi Türkiyə rəhbərliyinə müraciət edərək SSRİ respublikalarını tanımaqda tələsməməyə çağırmışdı. Həmin günlər Vaşinqton Moskva ilə SSRİ-nin nüvə arsenalının aqibəti barədə gərgin danışıqlar aparırdı və NATO üzvü kimi Türkiyənin "erkən" addımı bu müzakirələr üçün arzuolunmaz fon idi.
Lakin buna rəğmən Türkiyə öz missiyasını yerinə yetirdi. Azərbaycan Respublikası da dünyada birinci olaraq Türkiyə tərəfindən tanındı.
Türkiyə sonrakı müddətdə də Azərbaycanla münasibətlərdə birinci olmaq şansını heç bir ölkəyə güzəştə getmədi. 1992-ci il yanvarın 14-də iki ölkə arasında diplomatik əlaqələr qurulması da rəsmi Ankaranın həmin dövrdə apardığı çevik diplomatiyanın nəticəsi idi.
Türkiyə Hökuməti Azərbaycanla diplomatik münasibətlər barədə prinsipial qərarını 1992-ci il dekabrın sonunda qəbul etmişdi. O vaxt qonşu İran da birinci olaraq Azərbaycanda səfirlik açmağa, daha doğrusu, Bakıda hələ SSRİ dövründən fəaliyyət göstərən konsulluğunu səfirliyə çevirməyə tələsirdi. Amma Türkiyə bu əlamətdar (və heç də simvolik olmayan) şansı ona verə bilməzdi.
Ən maraqlısı odur ki, hadisələrin sürətlə cərəyan etdiyi bir vaxtda Türkiyənin Azərbaycanda ilk səfiri təyin edilən Altan Karamanoğlu (1935–2012) yıxılıb ayağını sındırmışdı. Nəticədə diplomatiya tarixində az təsadüf edilən hadisə baş verdi. Karamanoğlu Bakıya gələ bilmədiyi üçün onun səfir etimadnaməsini Bakıya Türkiyə XİN-in idarə rəisi Bilal Şimşir (1933–2023) gətirdi. Diplomat fəaliyyəti ilə yanaşı, tarixçi-yazar kimi də tanınan Bilal Şimşir 10 il sonra, 2002-ci ilin yanvarında Bakıda keçirilən toplantıda həmin hadisənin təfərrüatından bəhs etmişdi...
Beləcə, Türkiyə Azərbaycanda ilk səfirlik açan dövlət oldu. Bakıda fəaliyyət göstərən səfirliklər arasında diplomatik nişanlı 001 nömrəli avtomobilin Türkiyə səfirliyinə aid olması da bunu simvolizə edir.
Türkiyə Cümhuriyyəti sonrakı müddətdə müxtəlif beynəlxalq təşkilatlarda da Azərbaycana hər zaman birinci əl uzadıb. 1992-ci ilin aprelində Azərbaycanın BMT-dəki (Nyu-York) diplomatik nümayəndəliyi ilk dövrdə qardaş Türkiyənin daimi nümayəndəliyinin ofisində fəaliyyət göstərmişdi. Eləcə də Azərbaycanın xaricdəki ilk səfirliyi 1992-ci ilin avqustunda Ankarada açılmışdı.
Azərbaycanla Türkiyə arasında dövlətlərarası münasibətlərin 34 ili arxada qalıb. Bu illər ölkələrimizin çoxsahəli əməkdaşlığı bütün istiqamətlərdə böyük inkişaf yolu keçib. 1992-ci ilin 14 yanvarından sonra iki ölkə arasında tərəfdaşlıq yüzlərlə müqavilə, protokol və sazişlə möhkəmlənib.
Bu illərdə Azərbaycan-Türkiyə qardaşlığı tarixi sınaqlardan keçib, arada münasibətlərdə üçüncü tərəfin təsirindən qaynaqlanan anlaşmazlıq (2009-cu ildə ABŞ və Avropa İttifaqının təşviqi ilə ortaya çıxan Türkiyə-Ermənistan arasındakı Sürix protokolu kimi) da olub. Amma önəmli olan qardaşlığın bu sınaqlardan qarşılıqlı anlaşma və bərabərlik içində çıxmasıdır.
2020-ci ilin 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana verdiyi dəstək tarixi qardaşlığın zirvəsi oldu. Təsadüfi deyil ki, Azərbaycanın əldə etdiyi şanlı Zəfər Türkiyənin və bütün Türk dünyasının da tarixi Qələbəsi sayılır. Bu Zəfərdən sonra Türkiyə ilə Azərbaycan arasında imzalanan Şuşa Bəyannaməsi (15 iyun 2021-ci il) isə iki dövlətin birlik və bərabərliyini dünyada tayı olmayan bir üst səviyyəyə çıxarıb.
Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” fikirləri üzərində möhkəm təşəkkül tapan münasibətlər 12 il öncə Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” Sammitində (26 aprel 2014-cü il, Praqa) Ermənistan rəhbərinin Türkiyəyə qarşı əsassız iddialarına cavab olaraq Prezident İlham Əliyevin dediyi “Bu masa arxasında Türkiyə nümayəndələri yoxdur, ancaq mən buradayam” sözləri ilə yeni çalar və tarixi dəyər qazanıb.
Bu gün Azərbaycan-Türkiyə münasibətləri iki dövlətin tərəfdaşlığından çox-çox yüksəkdədir: o yerdə ki Azərbaycan var – Türkiyə də var deməkdir. O yerdəki Türkiyə var – biz də oradayıq deməkdir. Masa üzərində illah hər iki dövlətin bayrağının olması, yaxud masa arxasında hər iki dövlətin təmsilçisinin əyləşməsi şərt deyil. Əsas olan qəlbən bağlılıqdı...
Vüqar Orxan





















