Yanvarın 12-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda Azərbaycan dilinin qorunması və inkişafına həsr olunmuş “Dilimiz – kimliyimiz” mövzusunda ədəbi-ictimai müşavirə keçirilib.
Bu barədə AYB-dən məlumat verilib.
Müşavirəni giriş sözü ilə AYB-nin katibi Əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli açıb. O, Azərbaycan dilinin qorunması və saflığı ilə bağlı Prezident İlham Əliyevin çıxışlarını xatırladaraq bu mövzunun bu gün həm elmi, həm də ictimai müstəvidə xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Qeyd edilib ki, XIX əsrin sonlarından etibarən Azərbaycan türk dili Qafqazda aparıcı ünsiyyət və mədəniyyət dili olub, sonrakı dövrlərdə müəyyən tarixi-siyasi səbəblərdən sıxışdırılıb. Lakin Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan yenidən regionda söz sahibi olan dövlətə çevrilib və bu proses Azərbaycan dilinin nüfuzunun artmasına da güclü təkan verib. Vurğulanıb ki, yaxın gələcəkdə Azərbaycan dili regionun aparıcı dillərindən biri kimi mövqeyini daha da möhkəmləndirəcək.
Tədbirdə AYB-nin sədri Xalq yazıçısı Anar, akademiklər – AMEA-nın prezidenti İsa Həbibbəyli, N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru Rafael Hüseynov, Azərbaycanda Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov, AMEA Əlyazmalar İnstitutunun direktoru Teymur Kərimli, Azərbaycan Dillər Universitetinin (ADU) rektoru Kamal Abdulla, ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri Muxtar İmanov, Xalq yazıçıları Çingiz Abdullayev, Elmira Axundova, Milli Məclisin deputatları Elnarə Akimova, Səyyad Aran və başqaları çıxış edərək ana dilinin qorunmasının yalnız dilçilərin deyil, bütövlükdə cəmiyyətin borcu olduğunu bildiriblər.
Çıxışlarda dövlət dil siyasəti, ədəbi dil normaları, terminoloji təhlükəsizlik, elmi və bədii mühitdə dil mədəniyyətinin qorunması məsələləri diqqət mərkəzinə çəkilib.
Müşavirədə məsələnin aktuallığı vurğulanıb, bu istiqamətdə təkliflər səsləndirilib.























