Naxçıvan Dövlət Kukla Teatrı 2026-cı ildə fəaliyyətini yalnız uşaqlar üçün deyil, gənclər və böyüklər üçün nəzərdə tutulan tamaşalarla da genişləndirməyi planlaşdırır. Məqsəd kukla teatrının yaş məhdudiyyəti olmayan bir sənət sahəsi kimi inkişafını təmin etməkdir.

Bu barədə teatrdan məlumat verilib.

Teatrın ədəbi-dram hissəsinin müdiri Durna Təhməzovanın sözlərinə görə, 2026-cı il üçün hazırlanan repertuar planına Azərbaycan və dünya dramaturgiyası əsasında hazırlanacaq yeni tamaşalar və səhnə işləri daxildir. Uşaqlar üçün kukla və canlı tamaşalar, gənclər üçün isə monotamaşalar və eksperimental tamaşalar repertuarda xüsusi yer tutacaq.

Qeyd edilib ki, 2025-ci ildə teatrın bədii rəhbəri və direktoru Səyyad Məmmədovun təşəbbüsü ilə sənət ocağında iki yeni kukla teatrı üslubu – bunraku və əlcək kukla texnikasında tamaşalar ərsəyə gətirilib. Bu üslublar 2026-cı ildə də inkişaf etdirilərək teatrın yaradıcı potensialının artmasına xidmət edəcək.

2026-cı il ərzində teatr kollektivi təkcə Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarında deyil, Azərbaycanın digər bölgələrində də qastrol səfərləri ilə çıxış etməyi planlaşdırır. Qastrol proqramına müxtəlif yaş qrupları üçün hazırlanmış tamaşalar daxil ediləcək.