Bakı Slavyan Universitetində (BSU) belaruslu tələbələr üçün nəzərdə tutulan “Azərbaycan dili” dərsliyi nəşr olunub. Əcnəbilər üçün Azərbaycan dilinin A1 səviyyəsində tədrisini əhatə edən bu vəsait başlanğıc kurs xarakteri daşıyır.
BSU-dan bildirilib ki, dərslik müasir dilöyrətmə konsepsiyalarına və beynəlxalq dil səviyyələndirmə meyarlarına uyğun şəkildə tərtib edilib. Vəsaitin əsas məqsədi öyrənənlərdə Azərbaycan dilində ilkin kommunikativ bacarıqların formalaşdırılması, gündəlik ünsiyyət üçün zəruri olan dil səriştələrinin inkişaf etdirilməsidir.
Dərsliyin məzmunu Avropa Dilləri üzrə Ümumi Çərçivə Proqramının (CEFR) A1 səviyyəsi üzrə deskriptorlarına, eləcə də Dövlət İmtahan Mərkəzinin (DİM) Azərbaycan dilinin xarici dil kimi tədrisi proqramına uyğun şəkildə qurulub. Bu isə vəsaitin həm beynəlxalq standartlara, həm də milli normativ tələblərə cavab verdiyini təsdiqləyir.
Təqdim olunan dərslik belaruslu tələbələr üçün hazırlanan ilk yeni Azərbaycan dili dərsliyi kimi bir sıra xüsusiyyətləri ilə fərqlənir. Tədris materialı ayrı-ayrı dərslər üzrə tərtib olunub, mövzuların təqdimatında sadədən mürəkkəbə doğru inkişaf prinsipi əsas götürülüb.
Vəsaitdə təqdimolunan leksik və qrammatik materiallar gündəlik həyat situasiyalarını əhatə edir və real ünsiyyət ehtiyaclarına cavab verir.
Dərslikdə dinləyib-anlama, danışma, oxu və yazı bacarıqlarının inkişafına yönəlmiş tapşırıqlar balanslı şəkildə təqdim olunub. Dinləmə materialları şifahi nitqin qavranılmasını gücləndirir, danışıq tapşırıqları fəal ünsiyyəti təşviq edir, oxu və yazı çalışmaları isə dil materialının möhkəmləndirilməsinə xidmət edir.
Linqvistik mətnlərlə yanaşı, ekstralinqvistik materiallardan da məqsədyönlü şəkildə istifadə olunub. Mədəni, sosial və gündəlik həyatla bağlı məlumatların dil materialı ilə uzlaşdırılması öyrənənlərin Azərbaycan dilini mədəni kontekst daxilində qavramasına imkan yaradır.
Dərsliyin sonunda təqdim olunan tərcümə lüğəti vəsaitin elmi-metodik və praktik əhəmiyyətini artırır, öyrənənlərin müstəqil işini asanlaşdırır və leksik vahidlərin daha effektiv mənimsənilməsini təmin edir. Şəkil və illüstrasiyalar Azərbaycan dilinin praktik şəkildə öyrənilməsi baxımından mühüm didaktik əhəmiyyət daşıyır.
Yeni dərslik Azərbaycan dilinin xarici dil kimi tədrisinin genişləndirilməsi və beynəlxalq təhsil mühitində bu dilin mövqeyinin möhkəmləndirilməsi baxımından da əhəmiyyətlidir.



















