Şəki şəhər 2 nömrəli Uşaq musiqi məktəbində (Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi) ölkəmizin ərazi bütövlüyü uğrunda mərdliklə döyüşərək şəhid olmuş Daxili Qoşunların hərbi qulluqçusu baş çavuş Elçin Nadirovun (1987–2020) xatirə lövhəsinin açılışı olub.
Mərasimdə şəhidin anası və yaxınları, rayon rəsmiləri, Şəki-Zaqatala RMİ-nin rəhbərliyi və əməkdaşları, musiqi məktəbinin və şəhər 5 nömrəli tam orta məktəbin rəhbərliyi iştirak edib.
Şəki-Zaqatala RMİ-nin rəisi vəzifəsi səlahiyyətlərini icra edən Ülkər Mahmudova mərasimdə Elçin Nadirovun 44 günlük Vətən müharibəsində keçdiyi şərəfli döyüş yolundan, vətənpərvərliyindən söz açıb.
Bədii hissədə M.F. Axundzadə adına Mədəniyyət Mərkəzin əməkdaşı Yusif Yusifli, Şəki Regional Kollecin tələbəsi Aylin Hüseynli vətənpərvərlik ruhlu mahnılar ifa edib, 5 nömrəli tam orta məktəbin şagirdləri şeirlər söyləyiblər.
Qeyd edək ki, Vətən müharibəsində Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Elçin Nadirov vaxtilə 2 nömrəli uşaq musiqi məktəbində təhsil alıb. Nadirov Elçin Nadir oğlu ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.






















