Azərbaycan musiqi mədəniyyətinin ən dərin qatlarını təşkil edən muğamlarımız əsrlər boyu zamanın sınağından keçərək bu günə gəlib çatıb. Qədim sənət irsinin yaşadılması, qorunması və dünyaya tanıdılması isə artıq ayrıca bir missiyaya çevrilib. Bu missiyanı üzərinə götürən Beynəlxalq Muğam Mərkəzi (BMM) təkcə konsert məkanı deyil, muğamın elmi, yaradıcılıq və mədəni platforması kimi fəaliyyət göstərir.
2025-ci il BMM-nin fəaliyyətində uğurlu və çox məhsuldar il olub. Azərbaycan musiqisi, mədəniyyəti və incəsənətində silinməz iz qoymuş bir çox görkəmli sənət xadimlərinin yubileyləri qeyd edilib, muğam sənətinə həsr olunan çoxsaylı layihələr həyata keçirilib.
Bu barədə danışan BMM-nin direktoru Əməkdar artist, tarzən Sahib Paşazadə 2026-cı il üçün də planların kifayət qədər geniş olduğunu deyib.
Növbəti aylarda Xalq şairi Səməd Vurğunun 120 illiyinə, Xalq artisti, xanəndə Əlibaba Məmmədov və Əməkdar artist, tarzən Sərvər İbrahimova həsr olunmuş tədbirlər keçiriləcək. Bununla yanaşı, yenidən silsilə şəklində aşıq sənətinə həsr olunmuş konsertlərin təşkili də nəzərdə tutulub. Bu proqramlar çərçivəsində dastanlar, qədim saz və aşıq havaları təqdim olunacaq.
Sahib Paşazadə diqqətə çatdırıb ki, hazırda BMM-nin nəzdində 2 kollektiv – Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri, Cahangir Cahangirov adına Xor, eləcə də tanınmış xanəndə və instrumental ifaçılardan ibarət solistlər heyəti fəaliyyət göstərir. Hər üç kollektiv dövlət əhəmiyyətli tədbirlərdə fəal iştirak edir, həm respublikamız daxilində, həm də ölkəmizdən kənarda muğam sənətimizi və milli musiqimizi layiqincə təmsil edir.
2026-cı ildə Cahangir Cahangirov adına Xorun 90 illik yubileyidir və bununla bağlı silsilə tədbirlər planlaşdırılıb. Bu çərçivədə hər ay konseptual proqramların həm xorun, həm də orkestrin ifasında təqdim edilməsi nəzərdə tutulur.
"Yubiley tədbirləri təkcə paytaxtla məhdudlaşmayacaq, eyni zamanda, Azərbaycanın müxtəlif bölgələrində də keçiriləcək. Xüsusilə gənc ifaçılara böyük önəm veririk. Gənc muğam ifaçılarının, tar, kamança, digər instrumental alətlər üzrə ifaçıların, eləcə də klassik alətlərdə ifa edən gənclərin konsertləri mütəmadi şəkildə təşkil olunur. Çünki gənclər bizim gələcəyimizdir və onların inkişafı əsas prioritetlərimizdəndir”, – deyə Sahib Paşazadə əlavə edib.
Bu il BMM-nin muzey hissəsi turistlər üçün açıq elan ediləcək. Muzey bölməsində muğam ustadlarının büstləri haqqında məlumatlar Azərbaycan, rus və ingilis dillərində ziyarətçilərə təqdim olunacaq. Eyni zamanda, burada Azərbaycan musiqi irsini əks etdirən qədim musiqi alətləri nümayiş etdirilir ki, onların tarixi, xüsusiyyətləri barədə ətraflı məlumatlar ziyarətçilər üçün əlçatan olacaq.
Direktor bildirib ki, bu guşə BMM-də neçə ildir ki, yaradılıb və daha əlçatan və turistlərə açıq olması üçün yaxın zamanlarda muzey kimi fəaliyyətə başlayacaq.
"Muğam sənətinin zəngin ənənələrini qorumağı, onu müasir təqdimat formaları ilə gənc nəslə daha yaxın etməyi, gənc istedadların üzə çıxarılmasına və peşəkar inkişafına dəstək göstərməyi əsas məqsədlərimizdən biri hesab edirik. Bu layihələr vasitəsilə muğamın həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə tanıdılması və sevilməsi üçün ardıcıl addımlar atılacaq”, – deyə BMM direktoru vurğulayıb.























